Azərbaycanla Rusiya arasında münasibətlər 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra pozulmağa başladı. Embraer E190 markalı təyyarənin vurulması uzun müddət inkar edilsə də, bu hadisə Bakının ciddi etirazına səbəb oldu.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram səhifəsində ukraynalı jurnalist Dmitri Qordon yazıb.
Onun sözlərinə görə, sonradan münasibətlərin normallaşdığı təsiri yaransa da, Rusiya hüquq-mühafizə orqanlarının son əməliyyatları iki ölkə arasında yeni gərginliyin yaranmasına səbəb oldu.
Jurnalist son günlər iki ölkə arasında baş verən hadisələri də xronoloji ardıcıllıqla diqqətə çatdırıb.
27 iyun 2025 — Yekaterinburqda kütləvi həbslər
Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda yaşayan 50-yə yaxın azərbaycanlını saxladı. Rəsmi səbəb — 2001-ci ildə azərbaycanlı bir tacirin qətli ilə bağlı araşdırmalar idi. Azərbaycan diasporu ilə əlaqəli onlarca şəxs dindirildi.
İki azərbaycanlının öldürülməsi
Əməliyyat zamanı Azərbaycan vətəndaşları Hüseyn və Ziyəddin Səfərovlar öldürülüb.
– 60 yaşlı Hüseyn Səfərov – kiçik bizneslə məşğul idi, daxili işlər idarəsinin binasında vəfat edib.
– 55 yaşlı Ziyəddin Səfərov – taksi sürücüsü idi, əməliyyat qrupu tərəfindən xüsusi amansızlıqla qəsdən qətlə yetirilib.
Azərbaycan Baş Prokurorluğu bu hadisə ilə bağlı qəsdən adam öldürmə və işgəncə vermə maddələri ilə cinayət işi açıb.
Bakıdan sərt reaksiyalar
– Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edilib.
– Mədəniyyət Nazirliyi Rusiya dövlət və özəl təşkilatları tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan bütün mədəni tədbirləri ləğv edib.
Rusiyanın gizlətmə cəhdləri
Əvvəlki AZAL təyyarəsinin vurulması kimi, bu dəfə də Rusiya tərəfi Səfərov qardaşlarının “ürək çatışmazlığından öldüyünü” bildirməyə çalışıb.
Azərbaycanda "Sputnik" ofisinə basqın
– 27 iyun hadisələrindən sonra Azərbaycan hüquq-mühafizə orqanları "Sputnik Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirib.
– 7 nəfər saxlanılıb, onlara qarşı dələduzluq, qeyri-qanuni sahibkarlıq və cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması maddələri ilə cinayət işi açılıb.
– Məlumatlara görə, saxlanılanlar arasında iki Rusiya FTX agenti də var.
Rusiya tərəfinin reaksiyası
– Kreml hadisəni "hüquq-mühafizə fəaliyyəti" adlandırıb və bunun diplomatik böhrana səbəb olmadığını bildirib.
– Rusiya Azərbaycan səfirini Xarici İşlər Nazirliyinə çağırıb və "Sputnik Azərbaycan" əməkdaşlarının azad olunmasını tələb edib.
Bizim.Media