Rusiyada miqrantlara qarşı əsl ov başlayıb. Onlar yalnız təhqir və döyülmə ilə üzləşmirlər, həm də getdikcə daha çox hallarda Ukraynaya qarşı müharibədə iştirak üçün müqavilə imzalamağa məcbur edilirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları amansız, cəzasız və sistemli şəkildə hərəkət edirlər.
Bizim.Media xəbə verir ki, zərərçəkənlərdən biri – Qırğızıstan vətəndaşı Almaz bildirib ki, sənədləri qaydasında olsa da, Moskvada səbəbsiz yerə saxlanılıb. Polis bölməsində döyülüb, pul tələb olunub, alçaldılıb və təhqir edilib.
“Deyirdilər: ‘Çurkalar, bura niyə gəlmisiz, öz qaydalarınızı qurursuz’. Qarnıma vururdular ki, iz qalmasın. Məni 10 saatdan çox bölmədə saxladılar. Bütün əşyalarımı, hətta dərmanlarımı da aldılar. Təzədən təzyiq dərmanımı istədim – vermədilər. Dedilər: ‘Ölməzsən. Pis olsa, təcili yardım çağırarıq’. Birisi isə uzananda məni ayaqla vurdu, dedi ki, bura dincəlməyə gəlməmisən”, – deyə o xatırlayır.
Almaz azadlığa çıxmaq üçün 20 min rubl ödəməli olub: “Əvvəlcə 10 min verdim. Sonra kartımdakı qalığı görüb hamısını çıxartdırdılar.”
Onun sözlərinə görə, bu ilk dəfə deyil.
Başqa bir hadisə isə Özbəkistan vətəndaşı Umarla bağlıdır. O, mayın sonunda dostları ilə birlikdə sənədləri qaydasında olsa da, Moskvada saxlanılıb və polis bölməsinə aparılıb. Orada onlara Müdafiə Nazirliyi ilə müqavilə imzalama təklifi olan sənədlər verilib.
“Mən “imtina edirəm” bəndinə işarə qoydum, amma nə imzaladığımı anlamadım. Sonra qışqırdılar: ‘Niyə döyüşmək istəmirsən?”. Bizi bir neçə saat orada saxladılar. İndi qorxuram ki, mənə qarşı saxta ittihamlar irəli sürə bilərlər”, – deyə o bildirib.
Hüquq müdafiəçiləri Özbəkistan vətəndaşı Yusufun hadisəsini misal çəkirlər: o, dəyənəklə döyülüb, divara sıxılıb və müharibəyə getməyə məcbur edilib.
Miqrantların hüquqlarını müdafiə edən Valentina Çupik qeyd edir ki, bu hallar artıq norma halını alır:
“İndi demək olar ki, bütün polis bölmələrində, miqrasiya mərkəzlərində, müvəqqəti saxlama məntəqələrində miqrantlara hərbi müqavilə imzalatdırmaq istəyirlər. Bu – məcbur etmə və qorxutmadır.”
Bu arada, Mərkəzi Asiya ölkələrinin hakimiyyət orqanları öz vətəndaşlarına başqasının müharibəsində iştirak etməməyi tövsiyə edirlər.
Bizim.Media