“Rus əsgərinin ayağının dəydiyi yer bizimdir”. Putinin sözləridir. Ötən həftə Sankt-Peterburq İqtisadi Forumunda demişdi. Hətta bunun bir deyim yox, qayda olduğunu bildrimişdi. Bu sözləri Ukrayna ilə müharibə vəziyyətində olan bir ölkənin rəhbəri deyirdi. Əslində isə bu zəng bütün post-Sovet məkanı üçün çalınır. Bəlkə, Putin bu sözlərlə SSRİ-ni bərpa etmək niyyətinin siqnalını verir? Rusiya əsgərinin ayaq izləri Şərqi Avropa və keçmiş SSRİ məkanında var. Rusiya Ermənistanda, Gürcüstanda, Ukraynada hərbi mövcudluğa malikdir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, rus əsgərinin ayağı bizim torpaqlara da dəyib, amma Cənubi Qafqazda Azərbaycan yeganə ölkədir ki, onların ayağını girdiyi yerdən kəsməyi bacarıb:
“Rusiya Azərbaycanın ən faciəvi tarixinin baş iştirakçılarındandır. 19-cu əsrdə Azərbaycanı iki yerə bölən Çar Rusiyası, 20-ci əsrdə işğal edən bolşevik Rusiyası idi. Dövrümüzün Rusiyası isə Qarabağ münaqişəsini alovlandırıb, 20 yanvarda Azərbaycana ordu yeridilməsinə qərar Moskvada verilib. Xocalı soyqrımının törədilməsində Rusiyanın 366-cı motoatıcı alayının əli var.
1-ci və 2-ci Qarabağ müharibələrində Ermənistanın qalib gəlməsi üçün hər dəstəyi verən də Rusiyadır. Sülhməramlılarını Qarabağda əbədi saxlamaq istəyən, bunu bacarmayanda Xankəndidə konsulluq açmaq planları quran da odur. Və nəhayət Qroznı səmasında təyyarəmizi vurub insanlarımızı öldürən, sonra bunu inkar edən də Rusiyadır.
Bu sadaladıqlarım Rusiyanın bugünədək Azərbaycana qarşı yürütdüyü siyasətdir. Bu həftə onların sırasına yenisi əlavə olundu. Moskva Azərbaycan və azərbaycanlılara qarşı təzyiq siyasətində yeni səhifə açdı. Yekaterinburqda Azərbaycan vətəndaşı və əslən azərbaycanlı olan Rusiya vətəndaşlarına qarşı ağlasığmaz cinayət törədildi. Azərbaycanlılar öldürüldü, onlara işgəncələr verildi. Adını cinayətin araşdırılması qoydular. Guya öldürülən və həbs edilən azərbaycanlılar illər öncə törədilən cinayətlərdə şübhəlidirər. Əsl həqiqət isə başqadır - Rusiya Azərbaycana açıq düşmənçilik edir”.
Daha ətraflı süjetdə:
Bizim.Media