İran İsrail və ABŞ-la baş vermiş 12 günlük müharibədəki itkilərdən sonra Hərbi Hava Qüvvələrini (HHQ) təcili şəkildə modernləşdirməyi planlaşdırır və bu məqsədlə Çin istehsalı olan Chengdu J-10C çoxməqsədli qırıcılarının alınmasına dair danışıqları yenidən aktivləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Khorasan” nəşrinin məlumatında bildirilib.
Belə ki, J-10C təyyarələri İran üçün Rusiya istehsalı olan Su-35-lərə nisbətən daha sərfəli və əlçatan alternativ hesab olunur.
İran bu təyyarələrlə marağını hələ 2000-ci illərin əvvəllərindən nümayiş etdirir. 2015-ci ildə 150 ədəd qırıcının alınmasına dair ilkin danışıqlar aparılsa da, bu proses baş tutmamışdı. Əsas maneələr Çin tərəfinin ödənişi xarici valyutada tələb etməsi və İranın valyuta çatışmazlığı səbəbilə barter — neft və qazla ödəniş təklifi olmuşdu. Bundan əlavə, həmin dövrdə BMT-nin İranla bağlı silah embarqosu da qüvvədə idi.
2020-ci ildə bu məhdudiyyətlər ləğv edildikdən sonra tərəflər danışıqları bərpa etsə də, bu dəfə də razılıq əldə olunmamışdı. Lakin vəziyyət bu günlərdə dəyişib: 24 iyun tarixində ABŞ hökuməti Çin şirkətlərinə İran neftini sanksiya təhlükəsi olmadan rəsmi şəkildə almağa icazə verib. Bu isə Tehran-Pekin arasındakı hərbi müqavilə perspektivlərini gücləndirib.
Mənbənin bildirdiyinə görə, bu kontekstdə İranın müdafiə naziri, briqada generalı Əziz Nasirzadənin 25 iyunda Çin şəhəri Tsinadaoda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı xüsusi diqqət çəkir.
2025-ci il üçün Military Balance hesabatına əsasən, İsraillə müharibəyə qədər İran HHQ təxminən 150 ədəd qırıcıya sahib idi. Lakin bunların böyük hissəsi İslam İnqilabından əvvəl ABŞ-dan alınmış köhnəlmiş modellərdir. Hazırda ölkənin silah arsenalında 1980–1990-cı illərdə alınmış 18 ədəd MiQ-29A/UB də var, lakin onların da əksəriyyəti ehtiyat hissələrinin çatışmazlığı və texniki xidmət çətinlikləri səbəbilə sıradan çıxıb.
İranın son illərdə aldığı yeganə müasir təyyarələr 2023-cü ildə müqaviləsi bağlanmış dörd ədəd Rusiya istehsalı Su-35 olub. Ümumilikdə Tehran 50 belə təyyarə sifariş etsə də, hazırda bir ədədinin qiyməti 100 milyon dollardan çoxdur və Ukraynadakı müharibə səbəbilə bu təyyarələrin təhvili gecikir.
Çin istehsalı olan J-10C isə bir mühərrikli, çoxməqsədli qırıcı olaraq təqdim olunur və F-16V və Gripen E kimi qərb modellərinə qarşı daha münasib qiymətli alternativ sayılır.
Bu təyyarənin bir ədədinin qiyməti konfiqurasiyadan asılı olaraq 60 milyon dollardan (baza komplektasiyası) 90 milyon dollara qədər dəyişir (bura ehtiyat hissələri, zəmanət, silahlanma və pilot hazırlığı daxildir).
Bizim.Media