İsrailin Baş naziri Benyamin Netanyahu Tehrana qarşı hərbi əməliyyatdan əvvəl İran rəhbərliyini çaşdırmaq məqsədilə böyük oğlu Avnerin planlaşdırılan toyundan yayındırıcı manevr kimi istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti İsrail və ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”
Əməliyyatdan bir neçə gün əvvəl Netanyahu oğlunun 16 iyunda keçiriləcək toyunu bəhanə edərək məzuniyyətə çıxdığını elan edib.
Qəzetin məlumatına görə, bu addım xüsusi olaraq Tehranda İsrailin paytaxtında vəziyyətin sabit olduğu və hökumət başçısının yerində olmadığı görüntüsünü yaratmaq məqsədi daşıyıb. Bildirilir ki, toyla bağlı bu addım İran tərəfinin İsrailin mümkün zərbələrini heç olmasa 17 iyuna qədər baş verməyəcəyi təəssüratını formalaşdırmaq üçün atılıb.
Qəzet yazır ki, “Yüksələn aslan” adlı əməliyyatdan az əvvəl Baş nazirin ofisi Netanyahunun oğlunun toyunu qeyd etmək üçün məzuniyyətə çıxdığını elan edib. Lakin əslində, bu, İranı aldatmaq üçün planlaşdırılmış taktiki gediş imiş.
“Toy iştirakçılarının heç biri, o cümlədən Avner və Netanyahunun həyat yoldaşı Sara da bu plan barədə məlumatlı deyildi. Netanyahu əvvəlki davranışlarını davam etdirərək iranlıları çaşdırmağa çalışırdı”, – məqalədə qeyd olunub.
Məlumata görə, toyla bağlı bu taktika İran rəhbərliyini yanıltmaq üçün daha geniş dezinformasiya kampaniyasının bir hissəsi olub. İsrail və bəzi ABŞ mediası mənbələrə istinadla Netanyahu ilə ABŞ-ın o zamankı prezidenti Donald Tramp arasında fikir ayrılığı olduğu barədə məlumatlar yaymağa başlayıblar. Guya Ağ Ev İsrailin İrana mümkün zərbələrinə qarşı çıxır və İsrail hökuməti ABŞ-ın dəstəyi olmadan əməliyyata başlamağa tərəddüd edirdi.
Tramp da son ana qədər öz açıqlamalarında İranın nüvə proqramı məsələsində diplomatik həll yoluna üstünlük verdiyini bildirirdi.
Netanyahu 19 iyunda İsrail mediasına verdiyi açıqlamada İranın İsrailə raket hücumlarını şərh edərkən bildirib ki, onun ailəsi də “şəxsi bədəllər ödəyib”, çünki oğlu Avner raket təhlükəsi səbəbilə öz toyunu artıq ikinci dəfə təxirə salmaq məcburiyyətində qalıb.
Bizim.Media