ABŞ Konqresində ölkənin birinci xanımı Melania Trampın əldə etdiyi prestijli "Eynşteyn vizası" ətrafında ciddi mübahisələr yaranıb.
Bizim.Media “Newsweek” nəşrinə istinadən xəbər verir ki, Texas ştatından olan nümayəndə Jasmin Krokket Tramp administrasiyasının miqrasiya siyasətini tənqid edərək, Melania Trampın bu vizanı almaq üçün kifayət qədər əsaslara malik olub-olmadığı ilə bağlı suallar ünvanlayıb.
Qeyd edək ki, Melania Tramp 2001-ci ildə EB-1 kateqoriyalı viza alıb. Bu növ viza, qeyri-adi bacarıqlara malik və beynəlxalq miqyasda tanınmış şəxslərə – Nobel və ya Pulitzer mükafatı laureatlarına, tanınmış alimlərə, sənət və ya idman sahəsində seçilən şəxslərə təqdim olunur. Bu səbəbdən də qeyri-rəsmi olaraq "Eynşteyn vizası" adlandırılır.
"Sonuncu dəfə yoxlayanda, birinci xanımın belə mükafatları yox idi", – deyə Jasmin Krokket komitədə çıxışı zamanı bildirib.
Krokket Tramp administrasiyasını ikili standartlar tətbiq etməkdə ittiham edib. Onun sözlərinə görə, bir tərəfdən miqrantlara qarşı sərt qaydalar tətbiq edilərkən, digər tərəfdən Melania Trampın belə prestijli bir vizanı qanuni şəkildə alması suallar doğurur.
Xatırladaq ki, Melania Tramp (qızlıq soyadı – Knavs) ABŞ-a ilk dəfə 1990-cı illərin ortalarında model kimi iş vizası ilə gəlmişdi. O, Donald Trampla 1998-ci ildə tanış olub və 2001-ci ildə EB-1 vizası ilə ölkəyə köçüb. Beş il sonra isə ABŞ vətəndaşlığı əldə edib.
Bizim.Media