Moskvada yerləşən şirkətlərdən birində şokedici hadisə baş verib. İş yerində yaranan mübahisə faciə ilə nəticələnib. Əməkdaş həmkarının üzünə qaynar su ataraq, ardınca başına fincanla zərbə endirib. Zərərçəkmiş qadın dərhal xəstəxanaya çatdırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı Valentina 49 yaşlı həmkarı Anna ilə uzun müddətdir yola getmirmiş. Valentinanın sözlərinə görə, Anna onu kollektivə qarşı qızışdırır, iş mühitində münasibətləri pozmağa çalışırmış.
Gərginliyin kulminasiya nöqtəsi iyunun 24-də baş verib. Həmin gün Valentina işə gecikib, Anna isə bu vaxt çaydanı qaynadaraq fincana qaynar su töküb. Valentina qulaqlıqlarla iş masasının arxasında oturarkən, Anna qəfil onun üzünə qaynar su atıb və dərhal sonra fincanla başına vurub.
Yaralanan Valentina Skifosovski adına xəstəxanaya aparılıb. Ona baş travması və ikinci dərəcəli yanıq diaqnozu qoyulub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media