Axios portalının məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının əməkdaşlarına WhatsApp messencerindən iş cihazlarında istifadə etmək qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu qərar təhlükəsizlik riski ilə əlaqələndirilir.
Axios-un əldə etdiyi daxili məktuba əsasən, bundan sonra ABŞ konqresmenləri iş zamanı istənilən yerdə WhatsApp-dan istifadə edə bilməzlər – nə kompüterlərdə, nə də mobil qurğularda. Əgər messencer hansısa cihazda aşkarlanarsa, sahibi ilə əlaqə saxlanılacaq və tətbiqin silinməsi tələb olunacaq.
Məktubda deyilir:
“Nümayəndələr Palatasının əməkdaşlarına WhatsApp tətbiqini palataya məxsus istənilən qurğuya yükləmək və ya orada saxlamaq qadağandır”.
Yeni qaydaların tətbiqi ABŞ Kibertəhlükəsizlik İdarəsinin göstərişi ilə əlaqələndirilir. İdarə hesab edir ki, WhatsApp yüksək risk daşıyır, çünki tətbiq məlumatların qorunması baxımından şəffaf deyil və saxlanılan məlumatların şifrələnməsi zəifdir.
Bizim.Media