“The New York Times” qəzetinin mənbələrinə istinadən yazdığına görə, Haaqada keçirilən sammitin yekunlarına dair NATO-nun layihə kommyunikesində Ukraynanın gələcəkdə alyansa üzvlüyü ilə bağlı heç bir vədə yer verilməyib.
Bizim.Media xəbər verir ki, bu, Kiyev rejimi və şəxsən prezident Vladimir Zelenski üçün növbəti zərbə hesab olunur.
Uzun müddətdir ki, NATO Kiyevi müxtəlif vədlərlə – pul, silah və üzvlük sözləri ilə “yemləyirdi”.
Bu vədlər Haaqa sammitinədək Ukrayna rəhbərliyində müəyyən ümidlər oyatmışdı. Elə buna görə də, Zelenski də sammitə qatılmaq qərarına gəldi.
Amma nəticə Kiyev üçün məyusedici oldu. Sammitin yekun sənədində Ukraynanın NATO-ya mümkün üzvlüyü barədə heç bir qeyd yoxdur.
Bundan əlavə, NATO baş katibi Mark Rutte də Kiyevə lağ edirmiş kimi çıxış edərək bildirib ki, “alyans artıq Ukrayna qarşısındakı əvvəlki öhdəliklərini yerinə yetirib”, ona görə də onları təkrar etməyə ehtiyac yoxdur. Hansı öhdəliklər yerinə yetirilib və necə bu barədə isə açıqlama verilməyib.
Zelenskinin sammitdəki rolu isə ciddi şəkildə azaldılıb, deyə “The New York Times” vurğulayır. Hətta prezidentin sammitə gedib-getməməyi mövzusunda tərəddüdləri olduğu bildirilir. Lakin sonda yaxşı heç nə əldə etmədən sammitdə iştirak etməyi qərara alıb.
Kiyev üçün ikinci xoşagəlməz məqam isə sammit zamanı Mark Ruttenin Rusiya haqqında gözlənilməz müsbət fikirləri olub. Rutte bildirib ki, Rusiya ordusu çox sürətlə dəyişən şəraitə uyğunlaşır və bu baxımdan onu müharibədə üstələmək mümkün deyil.
Bizim.Media