ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail İrana qarşı hava zərbələri endirməyəcək və təyyarələrini geri çəkəcək.
Məlumata görə, Tramp çərşənbə axşamı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və atəşkəs rejiminin pozulmasından sonra planlaşdırılan hücumu ləğv etməyi xahiş edib. Bunun nəticəsində İsrail hücumun miqyasını əhəmiyyətli dərəcədə azaldıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailli məmura istinadən Axios portalının jurnalisti Barak Ravid məlumat yayıb.
Onun sözlərinə görə, Tramp çərşənbə axşamı Netanyahu ilə danışaraq, ondan İranda heç bir hücum keçirməməyi xahiş edib.
Netanyahu Trampa cavabında bildirib ki, zərbəni tamamilə ləğv edə bilməz, çünki İranın atəşkəsi pozmasına cavab verilməlidir. Nəticədə hücumun miqyası xeyli azaldılıb, çoxsaylı hədəflərə planlaşdırılan zərbələr ləğv edilib və yalnız bir hədəfə zərbə endirilməsi qərara alınıb.”
Bizim.Media