Ukraynanın Sumı vilayəti və Xarkov şəhəri Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb. Nəticədə 3 nəfər həyatını itirib, onlardan biri 8 yaşlı uşaqdır. 6 nəfər yaralanıb, onların 3-ü uşaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və vilayət polisi məlumat yayıb.
Sumı vilayəti polisi hücum nəticəsində təxminən 30 yaşayış evinin və 4 avtomobilin zərər gördüyünü, böyükmiqyaslı yanğın baş verdiyini qeyd edib. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupları, yanğınsöndürənlər və təcili yardım briqadaları çalışır.
Xarkov meri İqor Terexov isə bildirib ki, şəhərə 7 ədəd İran istehsalı olan “Şahed” dronu atılıb:
“İlkin məlumata görə, onlardan biri partlamayıb, digərləri isə 3 müxtəlif obyektə zərbə endirib”
Zərbələr nəticəsində 3 nəfər yaralanıb.
Bundan əvvəl həm mer İqor Terexov, həm də Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleg Sinequbov şəhərdə partlayışlar və yanğınlar barədə məlumat yaymışdılar.
Bu hücumlar Ukraynanın şərq vilayətlərində mülki əhali arasında itkilərin artmasına, infrastrukturun zədələnməsinə və xəstəxanaların fövqəladə rejimdə işləməsinə səbəb olub.
Bizim.Media