İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei adətən sosial şəbəkələrdə çox fəal şəxs kimi tanınır. O, xüsusilə “X” platformasında (əvvəlki Twitter) gündəlik siyasi, dini və ideoloji mövzularla bağlı paylaşımlar edir. Lakin ABŞ-ın 22 iyun tarixində İrana qarşı həyata keçirdiyi hərbi zərbələrdən sonra onun bu platformadakı fəaliyyəti tam dayanıb.
Bizim.Media xəbər verir ki, artıq bir neçə gün keçməsinə baxmayaraq, Xamenei tərəfindən heç bir rəsmi açıqlama və ya paylaşım edilməyib.
Bu vəziyyət media orqanları və ictimaiyyət arasında ciddi suallar doğurub.
Bu arada, Səudiyyə Ərəbistanının “Al-Hadath” qəzetinin iddiasına görə, İran daxilində — xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) yüksək vəzifəli şəxslər arasında Xameneinin mümkün şəkildə əvəz olunması ilə bağlı daxili müzakirələr aparılır. Qəzet yazır ki, bu müzakirələrin səbəbi həm Xameneinin səhhəti, həm də ABŞ-ın zərbələrindən sonra yaranmış qeyri-müəyyənlik və ictimai-siyasi böhrandır.
Hələlik bu iddialar rəsmi Tehran tərəfindən nə təkzib, nə də təsdiq olunub. Amma Xameneinin susqunluğu və eyni zamanda regionda baş verən gərgin hadisələr fonunda belə xəbərlər beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir.
Hazırda İranın siyasi sabitliyi və gələcək liderlik məsələsi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Bu isə regionda gərginliyi daha da artırmaq və güc balansına təsir göstərmək potensialına malikdir.
Bizim.Media