İsrailin Prezidenti İsxak Hersoq BBC telekanalına verdiyi müsahibəsində ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi barədə danışıb və bu addımı “tarixi” və “cəsarətli” adlandırıb.
Bizim.Media xəbər verir ki, BBC-nin tanınmış jurnalisti Lora Künsberqin “İranın nüvə obyektləri tamamilə məhv edilibmi?” sualına cavab verən Hersoq qeyd edib ki, əməliyyatın texniki detalları barədə məlumatlı deyil.
Bununla belə, o bildirib: “Açıq-aşkar görünür ki, İranın nüvə proqramı ciddi zərər görüb.”
Jurnalistin “İsrail ABŞ-dan birbaşa olaraq bu zərbəni endirməyi xahiş etmişdimi?” sualına cavabında Hersoq belə deyib: “Biz bu qərarı amerikalıların ixtiyarına buraxdıq.”
O əlavə edib ki, şəxsən özü əməliyyatın hazırlanmasından xəbərsiz olub, hadisələr baş verəndə onu yuxudan oyadıblar: “Məni hər şey baş verdikdən sonra oyatdılar.”
Söhbət zamanı “İndi İsrail İrana qarşı hücumları dayandıracaqmı?” sualına isə prezident birbaşa cavab verməyib, sadəcə qeyd edib ki, İran İsrail ərazisinə atəş açmağa davam edir: “Biz özümüzü raket hücumlarından qorumaq üçün lazım olan hər şeyi etməliyik.”
Müsahibənin sonunda Hersoq beynəlxalq birliklərə çağırış edərək bildirib:
“Bu böhrandan çıxış yolu beynəlxalq səviyyədə tapılmalıdır. Strateji və uzunmüddətli həll yolu müəyyənləşdirilməlidir.”
Bizim.Media