İsrail-İran arasında baş verən toqquşmalar hər gün Təl-Əvivə yüz milyonlarla dollara başa gəlir.
Bizim.Media xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetinin araşdırmasında məlumat verilir.
Ayaq yorğandan uzun olanda...
Ekspertlər müharibənin ciddi iqtisadi yük yaratdığını və bunun Tel-Əviv administrasiyasının uzunmüddətli münaqişəni davam etdirmək imkanlarını məhdudlaşdıra biləcəyini bildiriblər. Mütəxəssislərin fikrincə, müharibənin maliyyə xərcləri getdikcə ağırlaşır və İsrail üçün bu yükün öhdəsindən gəlmək asan olmayacaq.
Araşdırmalara görə, İsrail üçün müharibənin ən böyük xərci İran raketlərini havada məhv etmək üçün istifadə edilən müdafiə sistemləridir. Bu sistemlərrin xərcinin günlük 200 milyon dollara qədər arta biləcəyi güman edilir.
ABŞ və İsrailin birgə hazırladığı “Davudun sapandı” adlı müdafiə sistemi hər dəfə işə salındıqda aktivləşdirmə işi 700.000 dollara başa gəlir.
Uzaq mənzilli ballistik raketləri hədəf alan “Arrow 3” sisteminin bir atəşi isə 4 milyon dollara başa gəlir.
Hərbi xərclər bunlarla məhdudlaşmır. F-35 kimi döyüş təyyarələrini İsrail ərazisindən minlərlə kilometr uzaqda saatlarla havada saxlamağın da xərci böyükdür. Mütəxəssislərin fikrincə, bu təyyarələrin hər biri üçün bir saatlıq uçuşun qiyməti təxminən 10 min dollardır. Üstəlik, bura təyyarələrin havada yanacaq doldurulması və döyüş sursatı xərcləri daxil deyil.
Hərbi xərclərlə yanaşı, borbardmanda zədələnən binaların vurduğu ziyan da xərcləri artırır.
Hesablamalara görə, təkcə təmir və yenidənqurma səyləri İsrailə ən azı 400 milyon dollara başa gələ bilər.
Mütəxəssislər deyirlər ki, bütün bu artan xərclər müharibəni tez bir zamanda bitirmək üçün İsrailə təzyiq edir.
Nəticə olaraq, ekspertlərin fikrincə, İranla müharibə bir ay davam etsə, israilin ümumi savaş xərcləri təxminən 12 milyard dollara çata bilər.
Şəfiqə Şəfa, Bizim.Media