“ABŞ hücum etməsə, İsrail İranın Fordodakı nüvə obyektinə xüsusi təyinatlılarını göndərə bilər”
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektinə zərbə endirmək qərarına gələcəyinə ümid edirlər. Lakin rəsmi Təl-Əviv hesab edir ki, Vaşinqton bu addımı atmasa belə, İsrail təkbaşına Fordodakı obyektə ciddi ziyan vura bilər.
Söhbət hava hücumlarından qorunmaq üçün dağın altında yerləşən uranın zənginləşdirilməsi zavodundan gedir.
“Axios” yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahu və bu ölkənin Vaşinqtondakı səfiri Yexiel Leyter verdikləri son müsahibələrdə İsrail ordusunun hava zərbələrindən başqa alternativ variantlara da malik olduğunu bildiriblər.
Nəşrin məlumatına görə, bu alternativlərdən biri də xüsusi təyinatlıların həyata keçirəcəyi riskli əməliyyatdır. Bildirilir ki, İsrailin xüsusi təyinatlıları 2024-cü ilin sentyabrında Suriyada yeraltı raket zavodunu partlayıcılarla məhv edərək bu cür əməliyyatı həyata keçiriblər.
Hazırda İsrailin İran üzərində hava məkanına tam nəzarət etdiyi və İran ordusuna ciddi zərbələr endirdiyi şəraitdə belə bir xüsusi əməliyyat əvvəlki dövrlərlə müqayisədə daha az riskli görünür.
Amerikalı rəsmilərdən birinin sözlərinə görə, İsraillilər Tramp administrasiyasına bildiriblər ki, bəzən bombalar dağı deşib hədəfə çatmasa da, “bu işi insanlar vasitəsilə görmək olar”.
Qeyd edək ki, Fordo uranın zənginləşdirilməsi üzrə İranın əsas obyektlərindən biridir. Zavodun fəaliyyəti ilə bağlı məlumatların böyük hissəsi məxfi saxlanılır və ictimaiyyətə daha çox İsrail və ya ABŞ mətbuatı vasitəsilə çatdırılır. Qurğu Tehran şəhərindən 150 km cənubda, Qum şəhəri yaxınlığında, 80–90 metr dərinlikdə, qaya təbəqələrinin altında yerləşir.
Bizim.Media