Rusiyanın dövlət televiziyalarında tez-tez çıxış edən və Kremlə yaxınlığı ilə tanınan təbliğatçı Vladimir Solovyov son buraxılışlarından birində Yaxın Şərqdə baş verən İran-İsrail münaqişəsinə toxunaraq İranı müdafiə edən ritorik sual ünvanlayıb: “Axı İran nə günah işlədib?! Nə edib ki, ona qarşı belə davranılır?!”.
Bizim.Media xəbər verir ki, belə ki, o, həmçinin İranın hərəkətlərinə qarşı beynəlxalq təzyiqləri tənqid edib və hadisələrin birtərəfli təqdim olunduğunu iddia edib.
Solovyovun bu çıxışı sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Belə ki, sosial mediada sürətlə yayılan təxminən 20 il öncəyə aid arxiv görüntüsü, Solovyovun bugünkü fikirləri ilə tam ziddiyyət təşkil edir.
Həmin köhnə videoda o, tam əks mövqe sərgiləyərək İsrailə dəstək verdiyini qürurla bildirir:
“Əgər İsraildə müharibə başlasa, mən dərhal ora gedəcəyəm!”.
Bu açıqlama onun əvvəllər İsrailə dərin simpatiyasını ifadə etdiyini, lakin bu günlərdə İranı müdafiə edən ritorikaya keçdiyini göstərir. Zamanla mövqeyinin bu dərəcədə dəyişməsi isə onu ikiüzlülükdə və geosiyasi manipulyasiyada ittiham edən tənqidlərə yol açıb.
Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər Solovyovu "mövqesiz", "siyasi sifarişlə danışan" kimi ifadələrlə tənqid ediblər. Bəziləri isə onun Kremlə yaxın mövqedə olduğu üçün dövlət maraqları dəyişdikcə özü də "rəngini dəyişdiyini" qeyd edib.
Beynəlxalq analitiklər isə bildirirlər ki, bu cür təbliğatçılar Rusiya mediasının ikili standartlar və siyasi konjonktura əsasında işlədiyini nümayiş etdirir.
Bizim.Media