İran və İsrail arasında davam edən silahlı qarşıdurma çərçivəsində İran tərəfindən atılan ballistik raketlərdən biri İsrailin şimalında yerləşən strateji obyektə – Hayfa Elektrik Stansiyasına zərər yetirib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində stansiyanın fəaliyyəti tam və ya qismən dayandırılıb, bölgədə enerji təminatında ciddi problemlər yaşanır.
Qeyd edək ki, Hayfa Elektrik Stansiyası İsrailin ən böyük enerji təchizat mərkəzlərindən biridir.
Şimal bölgəsinin – o cümlədən Hayfa şəhəri, Akkon və Tiberiya kimi strateji ərazilərin elektrik enerjisi birbaşa bu stansiya vasitəsilə təmin olunur. Eyni zamanda sənaye sahələri, hərbi infrastruktur və liman logistikası da bu stansiyanın enerji dövriyyəsindən asılıdır.
İsrail Müdafiə Ordusuna (IDF) yaxın mənbələrin məlumatına görə, İran tərəfindən buraxılmış raketlərdən biri hava hücumundan müdafiə sistemlərini yararaq stansiya ərazisinə düşüb.
Partlayış nəticəsində stansiyanın transformator bloku və bəzi kritik texniki qurğuları sıradan çıxıb. Hələlik rəsmi olaraq insan itkisi barədə məlumat verilməsə də, ən azı 4 işçinin xəsarət aldığı bildirilir.
Enerji Nazirliyi hadisədən dərhal sonra açıqlama yayaraq, Hayfa bölgəsində enerji təchizatında fasilələrin yaşanacağını, alternativ mənbələrin aktivləşdirildiyini bəyan edib. Lakin enerji axınının sabitləşməsi üçün ən azı bir neçə gün vaxt tələb olunduğu qeyd olunur.
İsrail hökuməti bu hücumu "strateji infrastruktur obyektinə qarşı birbaşa hücum" kimi dəyərləndirib.
Baş nazir Benyamin Netanyahu bu hadisədən dərhal sonra verdiyi açıqlamada bildirib:
“İran birbaşa mülki əhalinin yaşadığı bölgənin enerji sistemini hədəf almaqla beynəlxalq hüququ açıq şəkildə pozub. Bu artıq təkcə hərbi deyil, humanitar sahədə də cinayət xarakteri daşıyır.”
Netanyahu əlavə edib ki, cavab “mütənasib olmayacaq qədər sərt” olacaq və İran bu zərbənin nəticələrinə “tam məsuliyyət daşıyacaq”.
Hayfa və ətraf ərazilərdə elektrik enerjisinin kəsilməsi xəstəxanalar, nəqliyyat sistemləri, su təchizatı və rabitə infrastrukturlarında ciddi çətinliklər yaradıb. Hazırda bölgədə fövqəladə enerji rejimi tətbiq olunur, mobil generatorlar və ehtiyat sistemlər aktivləşdirilib.
Bizim.Media