Kahramanmaraş sakinləri Prezident İlham Əliyevə, eləcə də Türkiyədə fəlakət bölgəsinin bərpasına töhfə verən bütün azərbaycanlı qardaşlara ürəkdən minnətdardır. Azərbaycan məhəlləsi Kahramanmaraşın simasını dəyişib, qədim şəhərimizi daha da gözəlləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkəmizin dəstəyi ilə inşa edilən Azərbaycan məhəlləsinə gələn Kahramanmaraş şəhər bələdiyyəsinin sədri Fırat Görgəl AZƏRTAC -a bildirib.
O xatırladıb ki, hazırda Azərbaycan məhəlləsinin tikintisi başa çatmaq üzrə olan ərazi 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən ən çox zərər çəkmiş ərazilərdən biri olub.
“Qardaşlarımız çətin anlarda bizi tək qoymadılar. Dağıdıcı zəlzələdən dərhal sonra yardıma ilk olaraq qardaş Azərbaycandan olan xilasedicilər gəldilər, humanitar yardımlar çatdırılmağa başladı. Biz həmçinin rəhbərliyin qısa müddətdə təbii fəlakətin episentrində genişmiqyaslı tikinti layihəsinin həyata keçirilməsinə dair qərar qəbul etdiyinə görə Azərbaycana səmimi minnətdarlığımızı bildiririk”, - deyə F.Görgəl qeyd edib.
Bələdiyyə başçısının sözlərinə görə, Kahramanmaraş Azərbaycan məhəlləsi layihəsinin icrası 80 faiz başa çatıb, yüzlərlə mənzilin və kommersiya obyektinin sahibləri müəyyən edilib. Tikinti zamanı ən yüksək seysmik müqavimət tələbləri nəzərə alınıb, yaşayış binalarının özləri isə bir neçə mərtəbədən çox deyil. Bu da zəlzələlərin nəticələri ilə bağlı riskləri minimuma endirir.
Görgəl Azərbaycan məhəlləsində tezliklə mədəniyyət mərkəzinin tikintisindən də danışıb. “Əminəm ki, yeni mədəniyyət ocağı Heydər Əliyev adına ibtidai məktəblə yanaşı, şəhərimizin sosial həyatına mühüm töhfə verəcək”, - deyə o, vurğulayıb.
Agentliyin həmsöhbəti Kahramanmaraşla qardaşlaşmış şəhərlərin siyahısının tezliklə Azərbaycanın yeni şəhərləri ilə tamamlanacağına ümid etdiyini bildirib. “Bu, bizim ən böyük arzumuzdur. Azərbaycan və Türkiyə liderləri səviyyəsində qərar veriləcək istənilən yaşayış məntəqəsini qardaş şəhərlər kimi görməyə şad olarıq”, - deyə şəhər bələdiyyəsinin sədri sözünü yekunlaşdırıb.
Bizim.Media