Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırıq. Halbuki bəzi səmərəli və sadə vərdişlər görməni qorumaqla yanaşı, onun yaxşılaşmasına da kömək edə bilər.
Bizim.Media xəbər verir ki, rusiyalı oftalmoloq Anton Kazantsev, "gazeta.ru"ya verdiyi açıqlamada görmə qabiliyyətini gücləndirən əsas vərdişləri sadalayıb:
20-20-20 qaydası
Kompüter və telefon qarşısında uzun müddət vaxt keçirmək gözlərin gərginləşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün hər 20 dəqiqədən bir, 20 saniyə ərzində, təxminən 20 metr məsafədə olan bir obyektə baxmaq tövsiyə olunur. Bu vərdiş göz yorğunluğunu azaldır və miopiya riskini aşağı salır.
Şüurlu və müntəzəm göz qırpma
Monitor qarşısında çalışan insanlar adətən normaldan 5 dəfə az göz qırpır, bu da quru göz sindromu və qızartı ilə nəticələnə bilər. Hər saatda bir dəfə, 10-15 dəfə yavaş və tam şəkildə göz qırpmaq, gözlərin nəmliliyini təmin edir.
İşıq balansına diqqət
Zəif işıqda oxumaq zərərli olmasa da, qaranlıq otaqda parlaq ekranla işləmək gözlərə mənfi təsir edir. Ən ideal vəziyyət, ekranın və otaq işığının parlaqlığının bir-birinə uyğun olmasıdır.
Görmə üçün doğru qidalanma
Göz sağlamlığı üçün yalnız yerkökü kifayət deyil. Lütein və zeaksantin kimi piqmentlərə malik ispanaq, yumurta və avokado, eləcə də omeqa-3 yağ turşuları ilə zəngin balıqlar (məsələn, qızılbalıq və skumbriya) quru göz riskini 30% azalda bilər.
Göz məşqləri və fiziki aktivlik
Göz əzələlərinin də hərəkətə ehtiyacı var. "Səkkiz" fiquru çəkmək, yaxına və uzağa fokuslama məşqləri qan dövranını və göz linzasının elastikliyini yaxşılaşdırır. Ümumilikdə qaçış, üzgüçülük kimi kardio məşqlər gözdaxili təzyiqi tənzimləyir və qlaukoma riskini azaldır.
Həkimin əlavə tövsiyələri:
Ekran səviyyəsi göz xəttindən bir qədər aşağıda olmalıdır. Çirkli əllərlə gözləri ovuşdurmaqdan çəkinin - infeksiya riski böyükdür. Parıltılar, görüntü əyilməsi və ya qəfil görmə zəifləməsi müşahidə etdikdə, təxirə salmadan oftalmoloqa müraciət edin.
"Bu sadə vərdişlər sayəsində göz sağlamlığını qorumaqla yanaşı, görməni də əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür", - deyə həkim vurğulayıb. (Milli.az)
Bizim.Media