Xəbər verdiyimiz kimi, avqustun 7-dən 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib.
MÖVZU İLƏ BAĞLI
Rusiya SOCAR-ın Odessadakı neft bazasına HÜCUM ETDİ: Yaralılar var
Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.
Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb.
Ardıcıl hücumlar
Qeyd edək ki, neft bazasına hücumdan əvvəl, avqustun 6-da Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına zərbə endirmişdi. Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu.
Bundan əvvəl də, Rusiya tərəfindən oxşar hücumlar təşkil edilib. Məsələn, iyulun 10-da Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.
Bütün bunlar isə onu göstərir ki, Rusiya hər fürsətdə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmağa çalışır. Bu isə Kremlin Bakıya qarşı düşmənçilik siyasətinin əyani göstəricisidir.
Təxribatların növbəti pərdəsi
Ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasını heç birimiz unutmamışıq. Onu da yaxşı xatırlayırıq ki, Rusiya hələ də bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Moskva nə öz günahını etiraf edib, nə də bu işdə əli olanları cəzalandırıb.
Bu ilin fevralında Azərbaycanın bəzi media resurslarına yönələn kütləvi kiberhücumun da arxasında Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupunun dayandığı müəyyən edilib.
Bir müddət əvvəl millət vəkili Azər Badamovun Rusiyada başına gətirilənlər də yaddan çıxa bilməz. Rəsmi tədbirdə iştirak üçün Rusiyaya gedən Azər Badamov Moskvada hava limanında saxlanılıb və ölkədən deportasiya olunub.
İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ümumilikdə, 50-ə yaxın azərbaycanlı həmin əməliyyat çərçivəsində saxlanılıb. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərirdi.
Rusiyanın bitməyən aqressiyası
2022-ci ilin fevralından bəri Ukraynda Rusiyanın törətdiyi vəhşiliklər bütün dünyaya bəllidir və saymaqla bitməz.
Müharibənin ilk günlərində törədilən Buça qətliamı, yəqin ki, heç zaman unudulmayacaq. Müharibənin sonrakı dövründə Ukraynada böyük-kiçik, yaşlı-uşaq demədən hər kəsi hədəf alan, uşaq bağçalarını, xəstəxanaları belə hədəf almaqdan çəkinməyən ölkədir Rusiya.
Yəni onların başqa xalqaları, ölkələri hədəf almasında təəccüblü heç nə yoxdur. MDB məkanına imperialist siyasətini davam etdirmək Rusiya üçün əsas hədəfdir. Bu hədəfə çatmaq üçün isə Moskva gözünü belə qırpadan hər yola əl ata biləcək xislətdə siyasət yürüdür.
Ona görə də…
Məhz bu siyasətin nəticəsidir ki, Rusiya Ermənistandan sonra MDB məkanında ikinci, işğalın miqyasına görə isə birinci ölkəyə çevrilib. Ukrayna müharibəsindən başqa, Qarabağdan tutmuş Dnestryanıya, Abxaziya və Cənubi Osetiyaya qədər bütün münaqişələrdə Rusiyanın birbaşa, yaxud dolaylı iştirakı olub.
Rusiya separatçılığı alovlandırmaq, bu nəticə vermədikdə isə öz ordusunu münaqişəyə daxil etmək yolu ilə MDB məkanını toqquşmalar meydanına çevirməyə çalışıb.
Yəni “parçala, hökmranlıq et”, “Məqsədə gedən hər yol məqbuldur” taktikaları Kreml siyasətinin “onurğa sütunu”nu təşkil edib.
Nəticə göz qabağındadır
Moskvanın bu siyasətinin nəticəsidir ki, MDB ölkələri bir-bir Rusiyadan üz döndərir. Moldova artıq MDB-nir tərk edib, Azərbaycan isə xeyli müddətdir ki, təşkilatın tədbirlərinə qatılmır. Digər üzvlərin əksəriyyəti də MDB sammitlərinə formal iclas kimi yanaşır.
Bütün bunlar Rusiyanın yanlış siyasətinin məntiqi nəticəsidir.
Amma atalarımız demişkən, ziyanın harasından qayıtsan xeyirdir. Moskva da bizim ataların sözünə qulaq assa, xeyir tapar.
Bunun üçün isə bircə yol var:
Yırtıcı siyasətdən əl çəkib, Azərbaycanın haqlı tələblərini qəbul etmək…
Bizim.Media-nın analitik qrupu