Rusiya Dövlət Dumasında çoxmərtəbəli binalarda sakitliklə bağlı yeni qanun layihəsi hazırlanır. İndiyədək mövcud olan saat 23:00-dan 07:00-dək səs-küy qadağasına əlavələr olunur. Bundan sonra gündüz saat 13:00-dan 15:00-dək sakitlik saatı olacaq. Həftə içi 09:00-dan 19:00-dək təmir işləri məhdudlaşdırılacaq. Qaydaları pozanlara isə yüksək cərimələr tətbiq olunacaq.
Qadağalar arasında yüksək səslə çalışan televizor, tozsoran, musiqi səsi ilə yanaşı, hətta itlərin hürüşü, pişik miyoltusu dava-dalaş da yer alacaq.
Bənzər qadağalar dünyanın hər yerində olduğu kimi Azərbaycanda da var. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə, saat 24:00-dan 07:00-a qədər səsgücləndiricilər, televizor, maqnitafon səsi ilə qonşulara narahatlıq yaratmaq, onların istirahət hüququnun pozulmasına 150-200 manat miqdarında inzibati qaydada cərimə tətbiq olunur.
Ancaq təəssüf ki, nə qonşu üzünə üz bağlayıb şikayət edə bilmir, nə bu qaydaları pozanlar əməllərindən utanmır. Düşünür ki, hər kəs öz evində istədiyi kimi səs çıxara bilər.
Həftə sonları isə ölkədə “Milli Drel Günü” elan olunur. Həftə boyu gündəlik işdən yorulub daha artıq yatmaq istəyənləri səhər erkəndən drel səsləri oyadır və ta axşamadək bu “həzin” səsin müşayiəti ilə günü başa vururlar.
Belə olduqda qonşu ölkədən nümunə götürüb cərimələri sərtləşdirə, qaydaları yeniləyə bilərikmi?
Hüquqşünas Əfsər Ağayev Bizim.Media-ya bildirib ki, Rusiya nümunəsinin Azərbaycanda tətbiqi ilə bağlı Milli Məclisdə təşəbbüs qaldırılıb, məcəlləyə əlavələr etməklə həyata keçirilə bilər.
“Ən azından bələdiyyələr səviyyəsində müəyyən işlər görmək mümkündür – təşviqedici, maarifləndirici kampaniyalar – sosial layihələrlə insanlara təsir göstərilə bilər.
Təkcə cərimə yolu ilə ediləndə sırf artıq xərc qorxusundan sakitliyə riayət ediləcək. Amma insanlarımızda hər şeydən əvvəl ictimai mədəniyyət yüksəldilməlidir”.
Şəfiqə Şəfa, Bizim.Media