Qazaxıstan bir neçə aydan sonra AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.
Bizim.Media Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.
"Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanması mərhələsinə keçirik.
Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub.
Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb.
Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub.
Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb.
Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib
Bizim.Media