Yay fəslinin 40 dərəcəyə çatan isti günlərində ictimai nəqliyyatda, eləcə də taksilərdə kondisionerin işləməməsi və ya ümumiyyətlə olmaması sərnişinlər arasında ciddi narazılıq doğurur.
Məsələ ictimai nəqliyyatda sərnişin hüquqları və təhlükəsizlik baxımından da suallar doğurur.
Maraqlıdır, bu hal yol hərəkəti haqqında qanunvericilikdə necə tənzimlənir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, istər yay, istərsə də qış mövsümündə havalandırma sistemlərinin işləməməsi sərnişinlərin narahatlığına səbəb olur:
“Birinci növbədə insanlar diskomfort yaşayır, bu isə ictimai nəqliyyata olan inamı azaldır.
Təəssüf ki, bəzi sürücülər və ya daşıyıcı şirkətlər düşünür ki, kondisionerin işləməməsi yanacağa qənaət edir. Bu isə tamamilə yanlış yanaşmadır. Əksinə, kondisionersiz nəqliyyat həm sərnişinlərin sağlamlığına, həm də xidmət keyfiyyətinə mənfi təsir göstərir”.
Ekspertin sözlərinə görə, bu cür halların qarşısını almaq üçün daşıyıcılara qarşı inzibati tədbirlərin gücləndirilməsi və ictimai nəqliyyatda xidmət mədəniyyətinin artırılması vacibdir.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, daşıyıcı sərnişin daşımalarını təhlükəsizlik və sanitar-gigiyenik norma və qaydalara uyğun şəkildə təşkil etməlidir.
İctimai nəqliyyat vasitələrində havalandırma sistemlərinin işlək vəziyyətdə olması da bu tələblərə daxildir. Əks halda, daşıyıcı qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimələnə bilər.
Aygün Hüseyn, Bizim.Media