Müasir dövrdə sürətli həyat tərzi, gündəlik stress və müxtəlif sosial-psixoloji təzyiqlər insanın ruh sağlamlığını ciddi şəkildə sınağa çəkir. Çox vaxt insanlar özlərini zəif hiss etdikdə və ya problemlərlə üzləşdikdə bunun ötəri bir hal olduğunu düşünərək psixoloqa müraciət etməyi gecikdirirlər. Halbuki bəzi əlamətlər var ki, onları görməzdən gəlmək həm psixoloji, həm də fiziki sağlamlıq üçün təhlükəli nəticələr doğura bilər.
Bəs insanlar hansı halda psixoloqa müraciət etməlidirlər? Hansı əlamətlər artıq psixoloqa müraciət etməli olduğumuzdan xəbər verir?
Psixoloq Gülnar Orucova mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə, 6 aydan bir normal vəziyyətdə olan biri belə psixoloqa müraciət etməlidir:
“Seanslara ehtiyac olmasa da diaqnostikaya ehtiyac olur. Emosional pozuntular, kədər, ümidsizlik hissi, motivasiyanın aşağı olması, gələcəklə bağlı qorxu və narahatlıqlar, anksiyete, fobiyalar, yuxu və iştah pozuntusu, münasibətdəki çətinliklər, özünü dəyərsiz hiss etmə, tez-tez intihar haqqında düşünmə, qərar verməkdə çətinlik, özünə inamsızlıq, özünü ifadə etməkdə çətinlik, utancaqlıq, sosiallaşmada çətinlik, çox insan içində danışmaq qorxusu hiss etdikdə psixoloqa müraciət etmək lazım gəlir”.
Psixoloq bildirib ki, yayın son ayında depressiya ilə bağlı müraciət sayı artır:
“Çünki insanlar 10-11 ay işləyir ki, bir neçə gün dincələcək. O bir neçə gün ərzində dincələ bilməmək onlarda ağır travma yaradır. Yayın sonu depressiyalar artmağa başlayır. Əslində depressiya deyəndə ağla yaz və yay gəlir. Günəşdən qidalanan insanlar var, göydə günəşin olması onların motivasiyasına yetərlidir. Bu cür insanlar günəşin getməsi ilə bağlı depressiyaya düşə bilirlər.
Bəzi insanlar bir insana qarşı güvəni, inamı itirəndə özlərinə qapanırlar. Digər problemlər də onunla bərabər gəlir. Belə olan halda zərərverici vərdişlər, yəni içki, siqaret, istifadəsi qadağan olunan dərmanların istifadə artır. Bunlar da vəziyyətin kritik olduğunu və insanın mütləq psixoloqa müraciət etməli olduğunu qabardır”.
Günay Şahmar, Bizim.Media