Beynəlxalq alimlər qrupu qida borusu xərçəngini simptomlar görünməzdən əvvəl, ilkin mərhələdə aşkarlaya bilən unikal kapsul hazırlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri Nature Biomedical Engineering (NBE) jurnalında dərc olunub.
Yeni O2E texnologiyası iki görüntüləmə üsulunu birləşdirir və xərçəngin ən ölümcül növlərindən birinin erkən diaqnozunda irəliləyiş ola bilər.
Tədqiqatçıların fikrincə, qida borusu xərçəngi gec mərhələdə aşkar edilərsə, sağ qalma şansı təxminən 10% təşkil edir. Amma vaxtında aşkarlanarsa, sağ qalma ehtimalı 90%-ə çatır. Yeni texnologiya məhz buna yönəlib.
Miniatür 360 dərəcə kapsul, cərraha toxuma strukturunu “görməyə” imkan verən optik koherens tomoqrafiyanı dərin təbəqələrdəki kiçik damarları aşkarlaya bilən optoakustik görüntüləmə ilə birləşdirir. Bu ikili yanaşma cərraha mikroskopik dəqiqliklə yemək borusunun daxili hissəsinin ətraflı 3D təsvirlərini yaratmağa imkan verir.
"Biz əvvəllər diaqnostika üçün əlçatmaz olan toxumaların strukturunda və qan təchizatında minimal dəyişiklikləri belə görə bilərik. Bu, əsl inqilabdır", - Münhendən olan layihənin rəhbəri, professor Vasilis Ntsiakristos bildirib.
İlk sınaqlar zamanı kapsul sağlam toxumanı xərçəngdən əvvəlki və bədxassəli toxumadan uğurla fərqləndirib.
Bizim.Media