İngiltərədə 61 yaşlı Qrem Bell adi görünən bir diş problemi səbəbilə həyatını təhlükəyə atan beyin xəstəliyi ilə üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail" məlumat yayıb.
Hadisə cütlük qısa bir səfərə hazırlaşarkən baş verib. Qrem qəfil güclü baş ağrısı hiss edib.
Həyat yoldaşı Syu Bell dərhal təhlükəli bir simptomu müşahidə edib. Belə ki, ərinin sifəti bir tərəfə əyilib.
Bu, insultun klassik əlamətlərindən biridir. Onlar dərhal təcili yardım çağırıb və Qrem xəstəxanaya yerləşdirilib.
Həkimlərin apardığı müayinələr nəticəsində Qremin beynində diametri təxminən 2,5 sm olan irinli abses aşkarlanıb. Məlum olub ki, bu, infeksiyalaşmış dişdəki çatdan qana keçən bakteriyaların beyinə yayılması nəticəsində yaranıb. Xəstə bildirir ki, dişində nə ağrı, nə də şişkinlik olub. Yəni infeksiya səssiz şəkildə inkişaf edib.
"Bu çox qəribə idi, çünki heç bir simptom yox idi. Nə ağrı, nə də narahatlıq hiss etmişdim", – deyə Bell qeyd edib.
Əməliyyat uğurla keçsə də, bir müddət sonra xəstənin vəziyyəti yenidən pisləşib və o, təkrar əməliyyat olunub. Qrem sağ qalsa da, infeksiya onun həyatında dərin iz buraxıb. O, nitq və hərəkət funksiyalarında ciddi çətinliklər yaşayır.
"Onun bərpası davam edir. Fizioterapiya alırıq. Amma əvvəlki həyatımız artıq yoxdur", – deyə həyat yoldaşı Syu bildirib.
Bizim.Media