Dünyaca nüfuzlu “National Geographic” nəşrində Azərbaycan şərabçılıq sənayesi ilə bağlı məqalə dərc olunub. Fəridə Zeynalovanın müəllifi olduğu məqalədə Azərbaycanın şərabçılıq tarixindən, günümüzdə bu sahədə olan vəziyyətdən və bir sıra şərab istehsal edən zavodlardan bəhs olunub.
Bizim.Media həmin məqaləni təqdim edir:
“Üç il əvvəl taxtadan olan bu ikiqat qapılar məişət tullantılarının altında itib-batmışdı. Arxasındakı bina isə çirkli, dağılmış və baxımsız idi. Bu səssiz yaşayış küçəsinin kənarlarında ucalan nəhəng çinar ağacları da onu sanki tamam gizlətmişdi. Azərbaycanın şimal-qərbində yerləşən balaca bir şəhərdə - Göygöldə yerli sakinlər bazara gedərkən və ya dostları ilə gündəlik görüşə tələsərkən bu binanın önündən keçirdilər. Lakin onların heç biri orada nə ola biləcəyi haqqında düşünmürdü.
Ta ki bir gün bir nəfər fikirləşənə qədər...
“Həmişə buranın yanından keçirdim, hava çıxışlarının nə üçün olduğunu düşünürdüm. Yaşlılar deyirdi ki, orada köhnə şərab zirzəmiləri var” – deyə yerli tur rəhbəri Raul Abbaszadə bildirib.
Əfsanələrin gerçəkliyini öyrənmək üçün Raul yerli idarələri razı salır və Yakob Hummel küçəsindəki qapıların önündən tam 70 yük maşını dolusu zibillərin təmizlənməsinə nail olur. Və beləcə, aşağıda gizlənmiş bir şərab zirzəmisi və dolanbac dar keçidlərdən ibarət bir labirint aşkara çıxır.
Orada termitlərin deşdiyi taxta çəlləklər və 1930-cu illərə aid toz içində qalmış siyahılar tapılır. Raulun sözlərinə görə, bütün bunlar vaxtilə alman mənşəli şərabçı Kristoff Vohrerə məxsus olub. Vohrer həmin binanın üst mərtəbəsində yaşayırmış.
Raul məni taxta pilləkənlərlə aşağı, sərin və kölgəli bir zirzəmi otağına aparır.
Burada hələ də üzümün mayalanmış qoxusu duyulur. Raulun bu kəşfindən sonra zirzəmi təmizlənib, elektriklə təmin olunub və indi sadə, lakin cazibədar bir şərab dadım salonuna çevrilib. Hələlik küçədən buraya aparan heç bir göstərici nişan yoxdur.
Lakin bu, sıradan bir şərab zirzəmisi deyil.
Bu yer, Azərbaycanda kommersiya məqsədli şərabçılığın başlanğıcına açılan bir pəncərədir. Bu ənənənin təməli 1819-cu ildə qoyulub. Həmin vaxt Napoleon müharibələrinin yaratdığı çaxnaşmadan qaçan, Almaniyanın Baden-Vürttemberq bölgəsindən (o zamanın Vürttemberq krallığından) olan 500 ailə Rus İmperiyasının köç proqramları çərçivəsində əvvəlcə Göygöl və Şəmkirə, sonra isə Helenendorf və Annenfeld adlı yaşayış məntəqələrinə yerləşdirilib.
“Almanlar bura gələndə hər ailə 15 hektardan artıq üzüm bağı salır və evdə öz şərabını hazırlayırdı,” – deyə Raul bizə dadmaq üçün yerli şərab butulkalarını açaraq danışmağa davam edir.
Kiçik bir qrup olaraq, şam işığında bəzədilmiş masa arxasında əyləşirik. Rəngarəng süfrə Azərbaycana xas xalçaları xatırladır. Mən dərhal turşulara, pendirlərə və soyudulmuş ət dilimlərinə üz tuturam, Raul isə bu Azərbaycan şəhərində yaşamış almanlarla bağlı hekayələr danışır.
Raul deyir ki, Vohrerin evdə hazırladığı şərablar, yaxınlıqdakı Şəki şəhərinə ipək almağa gələn fransız tacirlərin diqqətini cəlb etmişdi. Onlar Vohrerin şərablarını Burqundiyadakılara bənzədirdilər. Bu da Vohrer ailəsində 1860-cı ildə Azərbaycanın ilk kommersiya şərab zavodu olan “Göygöl Şərab Zavodu”nu açmağa inam yaratdı.
Halbuki Azərbaycanda üzümçülük yeni sahə deyil.
Əsrlər boyu yerli sakinlər şəxsi istehlak üçün şərab hazırlayıblar. Hətta arxeoloqlar Göygöldə eramızdan əvvəl II minilliyə aid şərab izləri olan saxsı küplər də aşkar ediblər.
O vaxtdan bəri Azərbaycanda şərabçılıq bəzi imperiyaların dövründə inkişaf etmiş, bəzilərinin dövründə isə süquta uğrayıb. Daha yaxın keçmişdə, 1985-ci ildə SSRİ rəhbəri Mixail Qorbaçovun sərt anti-alkoqol kampaniyası ölkədəki üzüm bağlarının əksəriyyətinin məhvinə səbəb olmuşdu. Lakin 2000-ci illərdən etibarən Azərbaycan yenidən bu sahəni dirçəltməyə başladı.
“Göygöl bu ölkədə sənaye şərabçılığının beşiyidir,” – deyə bugünkü dadım tədbirinə qoşulan şərabçı və enoloq Əziz Qasımov bildirir. “Sovet Azərbaycanının bütün şərab sənayesi alman köçkünlərin saldığı zavodlar əsasında qurulmuşdu”, deyə Qasımov əlavə edir.
İkinci Dünya Müharibəsindən sonra almanlar sürgün edildikdə, onların üzüm bağları azərbaycanlıların əlinə keçdi. Bu gün 517 hektar sahəni əhatə edən Göygöl Şərab Zavodunun baş şərabçısı Rasim Omarov Kristoff Vohrerin mirasını yaşadır. O, həm yerli, həm də Avropa mənşəli üzüm sortlarından “Xan 1860” markası altında şərablar istehsal edir.
Raul bizə Rasimin zavodunda istehsal edilən müxtəlif şərab növlərini təqdim edir və hər birinin özəlliklərindən danışır. Azərbaycanda iki əsas yerli üzüm növü var. Bunlardan biri Mədrəsə adlı qırmızı üzümdür. Raulun sözlərinə görə, bu yerli sakinlərin “Azərbaycan pinot noir”i adlandırdığı sortdur.
“Digəri isə məhz yerli xalqın sevdiyi tərzdə olan Bayanshira adlı yüngül və təravətli ağ üzümdür” – deyə Raul qeyd edir. Biz həmçinin daha məşhur olan “Chardonnay” və “Pinot noir” şərablarını da dadırıq. Bunlar Azərbaycana məhz almanlar tərəfindən gətirilib. Sonda isə qonşu Gürcüstanın məşhur üzüm növlərindən olan yarımşirin “Saperavi” və tərtəmiz, xırt-xırt “Rkatsiteli” də süfrədə yer alır.
“Burada, Kiçik Qafqazın ətəklərində üzüm yetişdirmək üçün ideal şərait var,” – deyə Əziz izah edir:
“Mülayim isti günlər və sərin gecələr, üstəlik yetişmə dövründə kifayət qədər yağıntı düşməsi üzümçülük üçün əla şərait yaradır”.
Bizim hazırda olduğumuz Gəncə-Qazax bölgəsi Azərbaycanın əsas şərabçılıq bölgələrindən biridir. Digər şərabçılıq zonaları isə şimalda Şirvan vadisi, şərqdə Xəzər sahili, cənubda Lənkəran-Astara və cənub-şərqdə Qarabağ bölgələridir.
Tərkibində şaftalı və alma notları açıq şəkildə hiss olunan “Bayanshira” şərabından bir qurtum alarkən arxamızdakı daş divardan asılmış paslı bir metal alət gözümə dəyir. Əziz izah edir ki, bu, çəllək ustalarının – yəni “kuper”lərin – istifadə etdiyi alətdir və vaxtilə buradakı almanlar şərablarını saxlamaq üçün çəlləkləri məhz özləri düzəldirdilər.
Amma alman izləri burada yalnız üzüm və çəlləklərlə məhdudlaşmır. Göygölün mərkəzi sanki canlı bir alman-azərbaycanlı mədəni irs kitabıdır. Bura bütövlüklə Azərbaycan kimliyini qoruyur: sovet dövründən qalma baqajları qovunla dolu olan “Lada”lar küçədə gurultu ilə hərəkət edir, düz kənarlı papaq geyinmiş kişilər isə vaxtlarını domino və ya nərd oynayaraq, bir əllə təsbeh çevirərək keçirirlər.
Amma başqa bir baxışla bu şəhər qəribə dərəcədə alman təəssüratı bağışlayır: bəzəkli taxta işləmələri olan evlərin arxasında ciddi və sakit duruşu ilə yüksələn neo-qotik “Müqəddəs Yəhya kilsəsi” görünür. Bu, Azərbaycanda qalan üç alman Lüteran kilsəsindən biridir.
Döşənmiş daşlı küçə boyunca gəzən ziyarətçilər, pərdələri solmuş, boş qalmış bir evin pəncərəsindən içəri baxırlar. Bu ev Göygöldə yaşamış sonuncu alman – 2007-ci ildə dünyasını dəyişmiş Viktor Kleinə məxsusdur. Onun evi hazırda muzeyə çevrilməkdədir.
Zirzəmiyə qayıdanda isə badələri qaldırmaq vaxtıdır.
Əziz, sitrus və tropik notlar saçan qıcqırdılmış chardonnay şərabını stəkana süzərkən deyir:
“Azərbaycanın şərabçılıqda hələ açılmamış, nəhəng bir potensialı var. Biz dünyaya varlığımızı göstərmək və onları təəccübləndirmək istəyirik”.
Əziz haqlıdır — istər Göygöldə yeni dadım məkanlarının qurulması, istərsə də Qafqaz dağlarının ətəklərində üzümçülüyün genişləndirilməsi baxımından, fərqli və orijinal dadlar axtaran şərabsevərlər üçün yeniliklər, bəlkə də ilk baxışda gözdən yayınan o köhnə taxta qapıların arxasında gizlənir.
Azərbaycanda mütləq baş çəkməli olduğunuz daha üç şərab zavodu
FA Valley, Xaçmaz
Ürək-damar cərrahı Fərhad Ağayev şərabçılıqla məşğul olmağa qərar verəndə qonşuları onu dəli hesab ediblər. Onlar xəbərdarlıq edirdilər: “Bu işdən pul çıxmaz!” Amma Fərhad öz bildiyini etdi. Azərbaycanın şimal-şərqində — Xəzər dənizi ilə Qafqaz dağları arasında yerləşən Xaçmaz rayonunda saldığı bağ və butik tipli şərab zavodu indi altı fərqli İtaliya üzüm növündən şərablar istehsal edir.
“O qədər də mürəkkəb deyil: torpaq, üzüm, butulka. Vəssalam! Heç bir qoruyucu qatqı yoxdur,” – deyə Fərhad təvazökarlıqla bildirir.
Təqdirəlayiq nümunələr arasında qədim qıcqırma üsulu ilə hazırlanmış, quru və təravətli 2024 Colorino Pet Nat və yabanı qarağat notları ilə seçilən, orta ölçülü 2020 Fratello şərabları xüsusi yer tutur.
Chabiant, İsmayıllı
Böyük Qafqazın cənub ətəklərində, Azərbaycanın şimalında yerləşən Hacıhətəmli kəndində italyan şərabçısı Marko Katelani yerli üzüm sortlarının təbliğinə öncüllük edir.
“Beş il əvvəl azərbaycanlılar yerli üzüm şərablarına üz tutmurdu,” – deyə o deyir. “Biz əvvəlcə yerli sortlara, sonra Avropa üzümlərinə diqqət yetiririk”
İcma yönümlü bu zavod artıq qonaqlar üçün yenilənmiş otaqlara da sahibdir. Hər mövsüm kənd sakinləri yığım işlərinə cəlb olunur, yerli rəssamlar isə öz əsərlərini burada sərgiləyib sata bilirlər.
“Chabiant”da qalmaqla həm şərab zavodunun turlarında iştirak edə, həm də şərabla uyğunlaşdırılmış naharın dadına baxa bilərsiniz. Mətbəxə “Mamed” deyə müraciət olunan aşpaz rəhbərlik edir. Onun toyuq və quzu ətindən hazırlanmış sac yeməkləri, eləcə də hər səhər Lulu nənə tərəfindən bişirilən təndir çörəyi ilə qonaqları valeh edir. Marko yaxınlıqdakı Qalaçıq kimi digər şərab zavodları ilə də əməkdaşlıq edir. Qalaçıq zavodu məşhur qastronomiya blogeri Ehtiram Fərzəlibəyov tərəfindən idarə olunur.
Savalan ASPI Şərab Zavodu, Qəbələ
“Biz Avropa üslublu, lakin Azərbaycan tərzini qoruyan şərablar istehsal edirik. O tərz də bizim “terroir”, yəni təbii şəraitimizdir,” – deyə satış və PR meneceri, Azərbaycanın ilk qadın somelyesi olan Aygün Atayeva izah edir.
Savalan zavodu Azərbaycanın dağlıq və meyvə bağları ilə zəngin olan Qəbələ rayonunda yerləşir. Ətraf meşələrdə hətta tülkü və yenot kimi heyvanlara da rast gəlmək mümkündür. Təxminən 900 hektarlıq ərazidə yerləşən bu zavod çiçək ətirli viognier, təravətli verdejo, meyvəli və incə merlot kimi şərablar istehsal edir. Gələcəkdə yerli üzüm sortlarının da becərilməsi planlaşdırılır.
Hər butulkanın etiketi, Şəkiyə məxsus və UNESCO-nun siyahısına daxil edilmiş kəlağayı naxışları ilə bəzədilib. Dadım mərasimləri isə dağ mənzərəsi fonunda keçirilən naharlarla müşayiət olunur. Burada təqdim edilən ənənəvi yeməklər arasında qozlu mal əti ilə şabalıd şorbası və bu bölgəyə məxsus üçbucaq formalı paxlava var.
Bu zavodlar təkcə şərab istehsal etmir, onlar həm də Azərbaycanın zəngin mədəniyyətinə, yerli və təbii gözəlliklərinə açılan qapılardır. Əgər fərqli dadlar və qeyri-adi şərab təcrübələri axtarırsınızsa, bu məkanlar sizi heyran edəcək”.
Bizim.Media