El arasında bəzən belə bir fikir səslənir ki, minnətdarlıq etmək insanın enerjisini azaldır, ruh düşkünlüyü yaradır və hətta pis hadisələrə səbəb ola bilər.
Bəs bu inancın əsası varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, bu düşüncə tamamilə yanlışdır və el arasında formalaşmış batil bir inancla bağlıdır:
“Əslində psixologiyada “minnətdarlıq hissi” və ya “şükranlıq” insanın emosional rifahını gücləndirən, depressiya və stres səviyyəsini azaldan, ümumi xoşbəxtliyi artıran mühüm psixoloji faktordur.
Minnətdarlıq istər Allaha, istər insanlara, istərsə də həyatın kiçik gözəlliklərinə qarşı ifadə olunsun - ruh düşkünlüyü deyil, əksinə daxili rahatlıq və pozitiv düşüncə formalaşdırır”.
Psixoloq əlavə edib ki, bəzi insanların minnətdarlıq etdikdən sonra pis hadisələrlə qarşılaşması sadəcə təsadüfdür və bunun heç bir elmi əsası yoxdur:
“Bu, səbəb-nəticə əlaqəsi olmayan batil bir yanaşmadır. Əslində aparılan bir çox elmi tədqiqatlar sübut edir ki, gündəlik minnətdarlıq vərdişləri, məsələn, minnətdarlıq gündəliyi yazmaq, insanlarda daha pozitiv və ümidli bir psixoloji vəziyyət yaradır”.
Mütəxəssislər minnətdarlıq hissinin sadəcə etik və dini baxımdan yox, psixoloji sağlamlıq üçün də vacib olduğunu vurğulayır və insanların bu hissi qoruyub yaşatmasının əhəmiyyətinə diqqət çəkirlər.
Aygün Hüseyn, Bizim.Media