Azərbaycan və Ermənistanın Vaşinqtonda sülh axtarışına sadiqlik göstərən qarşılıqlı anlaşma memorandumu imzalayacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, məlumatı “Middle East Eye” (//www.middleeasteye.net/news/armenia-and-azerbaijan-ink-peace-memorandum-under-trump-mediation) nəşrinə danışan bölgə mənbələri təsdiqləyib.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə keçiriləcək imzalanma mərasimində qəbul edəcək.
Qeyd edək ki, hər iki ölkə mart ayında sülh razılaşmasının ilkin layihəsi üzərində razılıq əldə etsə də, Azərbaycan tərəfi bəzi əlavə şərtlərdə israrlıdır. Əsas tələb Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan istinadların silinməsidir.
Bu isə Ermənistanda ümumxalq referendumu tələb edir.
Ağ Evdəki görüş iyul ayında Əbu-Dabidə keçirilmiş İlham Əliyev-Paşinyan görüşünün davamı kimi qiymətləndirilir. Həmin görüşdən sonra Prezident Əliyev bildirmişdi ki, tərəflər bir neçə ay ərzində sülh razılaşmasının əsas prinsipləri və ya tam mətni üzərində razılıq əldə edib onu paraflaya bilərlər:
“Əsas prinsiplər üzərində razılıq, onların paraflanması və daha sonra mətndə işlənməsi mümkün yanaşmadır. Bu isə Ermənistanın konstitusiyasında dəyişikliklərə əsaslanır”, – deyə Əliyev bildirmişdi.
Mənbələr qeyd edir ki, bu dəfə imzalanacaq sənəd sülh sazişi deyil, niyyət məktubu olacaq. Bu, Trampın son aylar bölgədə göstərdiyi diplomatik aktivliyin rəmzi nəticəsi kimi təqdim olunacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu həftənin əvvəlində Türkiyəli həmkarı Hakan Fidanla əlaqə saxlayaraq görüş barədə məlumat verib. Türkiyənin XİN mənbələri bildiriblər ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Azərbaycanla Ermənistan arasında ən böyük mübahisə nöqtələrindən biri isə Zəngəzur dəhlizi məsələsidir. Bu dəhliz Azərbaycanı Naxçıvanla birləşdirməli və Ermənistan ərazisindən keçməlidir. Lakin Ermənistan bu terminin “irredentist” (ərazi iddiası güdən) məzmun daşıdığını əsas gətirərək onunla razılaşmır.
ABŞ-ın səfiri Tomas Barrak ötən ay təklif etmişdi ki, amerikalı bir şirkət dəhlizi 100 il müddətinə icarəyə götürüb idarə etsin. Məqsəd hər iki tərəf üçün təhlükəsizlik və davamlılıq təminatını gücləndirmək idi. Lakin Ermənistan bu təklifi rədd etdi və suveren ərazisini üçüncü ölkəyə icarəyə verməyəcəyini bildirdi.
Mənbələr qeyd edirlər ki, ilk olaraq bu təklif Türkiyə tərəfindən irəli sürülüb, Ermənistan və Azərbaycanın razılığı ilə bir özəl şirkətin dəhlizi idarə etməsi planlaşdırılıb. Amma Ermənistan həmin şirkətin həm də Naxçıvan tərəfdə fəaliyyət göstərməsini tələb edib. Bu isə Bakı üçün qəbuledilməz olub.
Qarabağ münaqişəsinin tarixi
Ermənistan-Azərbaycan münaqişəsi 1993-cü ildə, Sovet İttifaqının süqutundan sonra erməni qüvvələrinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı işğal etməsi ilə başlayıb.
2020-ci ilin payızında 44 günlük müharibədən sonra 2023-cü ilin sentyabrında Azərbaycan bölgədə anti-terror əməliyyatı keçirərək tam nəzarəti bərpa edib. Nəticədə bölgədəki erməni əhalisinin əksəriyyəti oranı tərk edib. 2024-cü il yanvarın 1-dən etibarən qondarma "Dağlıq Qarabağ Respublikası" ləğv olunub.
Bizim.Media