Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində Moskvanın Basmannı Məhkəməsi qiyabi həbs qərarı çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda E1.RU portalı məlumat yayıb.
Bu qərar onun barəsində axtarış elan olunmasından sonra verilib.
Xatırladaq ki, Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən hüquq-mühafizə orqanlarına təslim olub və Yekaterinburqa aparılıb. Orada istintaq hərəkətlərində iştirak edib və daha sonra istintaq təcridxanasına yerləşdirilib.
İlkin məlumata görə, Ural bölgəsi üzrə diaspor rəhbəri Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqində ittiham olunur.
Şahin Şıxlinskinin vəkili E1.RU saytına bildirib ki, onun müdafiə etdiyi şəxs özünü təqsirli bilmir və həbs qərarından apellyasiya qaydasında şikayət edəcək.
Basmannı məhkəməsi isə redaksiyanın zəng və sorğularına operativ cavab verməyib.
Bundan öncə Şahin Şıxlinskinin oğlu – Mutvalı Şıxlinski də həbs olunub. O, iki ay müddətinə həbsdə qalacaq. Mutvalı iyulun 15-də hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunaraq saxlanılıb.
Hadisə iyulun 1-də “Bakı Plaza” yaxınlığında baş verib. Həmin gün hüquq-mühafizə orqanları Şahin Şıxlinskini avtomobildə olarkən saxlamaq üçün xüsusi əməliyyat keçirib.
O, oğlu ilə birlikdə "Gelandewagen" markalı avtomobildə olub. Polislər maşının şüşələrini sındırmağa başlayanda, sükan arxasında olan Mutvalı maşını geriyə sürüb. Bu insidentdən sonra o da həbs edilib.
Bizim.Media