Kəlbəcərin əsrarəngiz təbiətində – İstisu Taxtası adlanan ərazidə maraqlı və gözlənilməz mənzərə yaşanıb. Sanki zaman geri qayıdaraq, tarixin bir səhifəsi canlanıb.
Bizim.Media-nın əməkdaşı bu bölgədə səfərdə olarkən, dağların qoynunda böyük dəvə sürüsünə rast gəlib. İllərlə filmlərdə, dastanlarda gördüyümüz dəvələr bu dəfə Azərbaycanın sərt, lakin sehirlə dolu dağlarında, sükut içində addımlayırdı...
MÖVZU İLƏ BAĞLI:
Bu ölkələrdən Azərbaycana dəvə gətirilməsinə MƏHDUDİYYƏT QOYULDU
Əslində bu mənzərə təsadüf, nə də nostalji hisslərin oyatdığı bir anlıq duyğudur. Bu, minilliklərdən süzülüb gələn bir ənənənin – dəvəçiliyin – canlı izidir.
Azərbaycan torpaqları qədim zamanlardan ticarət yollarının – xüsusilə də İpək Yolunun üzərində yerləşib. Karvanlar, yollar, bazarlar və bu yolların əvəzolunmaz yol yoldaşı olan dəvələr... Onlar təkcə yük daşımayıblar, eyni zamanda xalqın yaddaşına, dastanlara, nağıllara, laylalara çevriliblər. Dəvə Azərbaycan türklərinin folkloruna tək bir heyvan kimi deyil, səbir, davamlılıq və yolçuluğun rəmzi kimi daxil olub.
Maraqlı arxeoloji tapıntılar da bu ənənənin qədimliyini sübut edir. Göyçə gölü ətrafında – Oğuznamələrdə tez-tez adı çəkilən bölgədə – bir hörgüclü dəvəyə aid alt çənə sümüyü tapılıb. Alimlər bu tapıntının təqribən üç min il əvvələ aid olduğunu bildirirlər. Yəni, bu torpaqlarda dəvəçilik təkcə keçmişin deyil, tarixin özüdür.
Bir hörgüclü dəvənin vətəni kimi Şimali Afrika və Ərəbistan göstərilsə də, bu tapıntı sübut edir ki, Qafqazın dağlıq torpaqları da bu heyvanların qədim yaşam coğrafiyasına daxildir.
Bu gün – 21-ci əsrin texnologiya əsrində Kəlbəcər dağlarında dəvə sürüsünün görünməsi sadəcə təsadüf yox, tarixin səsi, mədəniyyətin nəfəsidir. Bəlkə də bu heyvanların addımları təkcə dağ yollarını yox, həm də xalq yaddaşında kövrək bir yeri xatırladır: bir vaxtlar dəvələrin zəngi səslənən karvan yollarını, tozlu çölləri, sazlı-sözlü çadırları...
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu