Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall" konsert zalında baş verən terror aktı zamanı insanları qorumaq üçün canından keçən Vüqar Hüseynovu ordenlə təltif edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Putin fərman imzalayıb.
Fərmana əsasən, Hüseynov Vüqar Fuad oğlu vətəndaşlıq borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə ölümündən sonra “İgidlik” ordeni ilə təltif edilib.
Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.
Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub.
Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar.
Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.
Bizim.Media