“Sea Breeze”in təsisçisi, Xalq artisti Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib. O bildirib ki, Bakı yaxınlığındakı Nardaran ərazisində yerləşən “Sea Breeze” şəhərciyində Avropanın ən böyük kazinosu inşa olunacaq.
Bizim.Media xəbər verir ki, Emin Ağalarov bu barədə özünün “Instagram” səhifəsində məlumat verib:
“Bu sahədə böyük planlarımız var. Sizinlə vizualizasiyalarımızı və qlobal ideyalarımızı bölüşürəm. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”.
Müğənni, eyni zamanda 90.000 kvadratmetrlik sahəni əhatə edəcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb. Kadrlarda klassik Avropa memarlığı üslubunda hazırlanan nəhəng kompleksin görüntüləri əks olunub.
Layihə başa çatdıqdan sonra “Sea Breeze” yalnız kurort və istirahət mərkəzi deyil, həm də regionun əsas əyləncə və oyun biznesi mərkəzinə çevrilə bilər.
Xatırladaq ki, Emin Ağalarov son illər ərzində “Sea Breeze” brendi altında Nardaranda genişmiqyaslı şəhərcik və istirahət mərkəzi inşa etdirir. Yeni kazino layihəsi isə bu konsepsiyanın daha da genişləndirilməsi baxımından növbəti böyük addım kimi qiymətləndirilir.
Bizim.Media