İlk insanların soyuqdan, istidən qorunmaq üçün istifadə etdikləri geyim illər keçdikcə mahiyyətini dəyişib. İnsan cəmiyyətində müxtəlif mədəniyyətlər formalaşdıqca geyimin də formaları dəyişib.
İnsanlar klassik konsertə, çimərliyə, istirahətə, işə fərqli, özünəməxsus geyimdə gedirlər. Səhnə adamlarına məxsus geyim növü də var ki, bu da müğənninin, aktyorun səhnədə hər kəsdən fərqli, cazibədar görünməsinə xidmət edir.
Hətta illər keçdikcə geyim brendləri yaradılıb, moda gecələri təşkil edilib. Müasir dünyada artıq zövqlü geyinmək bir peşəyə çevrilib.
Geyimin bahalı olması insanın sosial təminatından xəbər verdiyi kimi, səliqəli, dəbə və aksesuarlarla uyğunluğu da insanın zövqündən, dünya görüşündən xəbər verir.
Bununla yanaşı, bəzi cəmiyyətlərdə geyimi əxlaqla əlaqələndirirlər. Cəmiyyətin özünün yaratdığı əxlaq normalarına geyimin də müxtəlif növünü aid edirlər. Geyimin mədəniyyət, özünüifadə, yoxsa əxlaq göstəricisi olması uzun zamandır müzakirə olunur.
Son günlər, xüsusilə, sosial şəbəkələrin Azərbaycan seqmentində bu geniş müzakirə predmetinə çevrilib.
Bəs geyim doğrudan da əxlaq göstəricisidir, yoxsa müxtəlif mədəniyyətlərin simvolu?
Mövzu barədə Bizim.Media-ya danışan Milli Məclisin deputatı Günay Ağamalı deyib ki, geyim həm də milli mədəniyyətin göstəricisidir:
“Son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olan geyim məsələsi, əslində, daha dərin və çoxşaxəli sosial yanaşma tələb edən bir mövzudur. Geyim nə təkcə əxlaq meyarı, nə də sırf zövq göstəricisidir. Onu bu iki çərçivəyə salmaq həm insan fərdiyyətinə, həm də cəmiyyətin mürəkkəb sosial strukturuna birtərəfli yanaşmaq deməkdir.
Geyim, ilk növbədə, milli mədəniyyətin göstəricisi, insanın sosial kimliyini, şəxsiyyətini və özünüifadə tərzini əks etdirən mədəni və psixoloji bir vasitədir. Bəzi mühafizəkar xalqlar gününmüzədək milli geyimləri qoruyub-saxlamış və hələ də istifadə etməkdədirlər. Misal üçün türk xalqları, Avropanın bəzi ölkələri, ərəb ölkələri, Slavyan xalqlarında cəmiyyətin müəyyən hissəsi özlərinə məxsus geyimləri geyinməkdədirlər. Bununla yanaşı fərqli geyimlərdən də istifadə olunur.
Tarix boyu müxtəlif dövrlərdə və cəmiyyətlərdə geyim həm status göstəricisi, həm ictimai mesaj, həm də ideoloji simvol olub. Bu gün də dəyişən dünyada fərqlilikləri anlayışla qarşılayan, eyni zamanda öz milli-mənəvi dəyərlərinə söykənən bir cəmiyyət kimi biz bu məsələyə stereotiplərlə deyil, düşünülmüş, sağlam yanaşma sərgiləməliyik”.
Deputat bildirib ki, geyim üzərindən insanları etiketləmək, onları əxlaqlı və ya əxlaqsız kimi damğalamaq nə hüquqa, nə də insan haqlarına uyğundur:
“Eləcə də zövq anlayışı şəxsi seçim və fərdi inkişafın bir hissəsidir, bu səbəbdən geyim vahid ölçü vasitəsinə çevrilə bilməz. Əsas olan budur ki, cəmiyyət həm də bu kimi məsələlərdə qarşılıqlı hörmət və anlaşma üzərində qurulmalıdır. Geyim şablon deyil, fərdin özünüifadəsidir”.
Günay Şahmar, Bizim.Media