Ağızdan gələn pis qoxu çox vaxt ağız gigiyenasına düzgün riayət edilməməsi və ya yeyilən qidaların nəticəsi kimi qiymətləndirilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda bu hal sağlamlıqla bağlı gizli problemlərin erkən əlaməti ola bilər.
Bizim.Media xəbər verir ki, stomatoloq Allen Çjanın sözlərinə görə, bəzi spesifik qoxular orqanizmdə ciddi pozuntuların göstəricisi ola bilər.
Mütəxəssis bildirib ki, ağızda şirin dad və ya aseton qoxusu – şəkərli diabetin əlaməti ola bilər.
Bundan başqa:
Metalik qoxu – böyrəklərlə bağlı problemlərdən xəbər verə bilər.
Balıq qoxusu – maddələr mübadiləsinin pozulması və ya qaraciyər funksiyalarının zəifləməsi ilə bağlı ola bilər.
Çürük yumurta qoxusu – mədə-bağırsaq pozğunluqları ilə əlaqələndirilir.
Kif qoxusu – qaraciyər və ya böyrək çatışmazlığına işarə edə bilər.
Ekspert vurğulayır ki, bu cür nəfəs dəyişikliyi təkcə gigiyena məsələsi deyil, həm də ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Xoşbəxtlikdən müasir texnologiyalar həkimlərə nəfəs tərkibini analiz edərək bir sıra xəstəliklərin risklərini müəyyən etməyə imkan verir.
Bizim.Media