Son günlər paytaxtda su fasilələrlə verilir. Bakının bir çox rayonunda suyun fasilələrlə verilməsi əhalinin narazılığına səbəb olub. Paytaxt sakinləri suyun günlərlə, saatlarla verilməməsindən gileylənirlər.
Bu problem təkcə Bakıda deyil, ölkənin bir çox rayonunda da yaşanmaqdadır. Əvvəlki illərdə bulaqlar, çaylar gursulu olsa da, indi çayların suyu çəkilib, bulaqların suyu quruyub.
MÖVZU İLƏ BAĞLI
Su qıtlığı ilə bağlı XƏBƏRDARLIQ – Azərbaycan üçün hansı təhlükə VAR?
Aidiyyəti qurumlar bunu yay mövsümündə suya tələbatın artması ilə izah edirlər. Lakin görünən odur ki, dağlıq rayonlarda belə su qıtlığı yaşanmaqdadır.
Bəs bu duruma qarşı hansı tədbirlər görülür və ya görülməlidir?
Mövzu ilə bağli Bizim.Media-ya danışan ekoloq Ənvər Əliyev deyib ki, hazırda suya ən çox tələbat dövrüdür:
“Azərbaycan ərazisində yağıntılı dövr, yəni yazın sonu yayın əvvəli dövrü bitib. Suya əhalinin, həm heyvandarlıqda, həm bitkiçilikdə ən çox tələbat olan dövr başlayıb. Bir tərəfdən belə güclü istilər düşüb. Nəticədə suya tələbat çoxalıb”.
O, iri çaylarda bəndlər tikilərək səth sularının yığılması ilə problemin həllinə kömək ola biləcəyini qeyd edib:
“Azərbaycanda səth suları çoxdur, yaz qabağı və sonrakı dövrlərdə səth sularımız aşır-daşır. Səth suları bir anın içərisində də axıb gedir. Yəni həmin dövrdə yağıntının çoxluğu əsas vermir.
Azərbaycanın Qərb rayonları, yəni Balakəndən başlayaraq Şimal-Şərqdə Qusar və digər rayonlarda bir neçə çay var ki, onlar səth sularını birbaşa Kürə, Kür də Xəzər dənizinə aparır.
Təklif belədir ki, həmin çayların qarşısında xüsusi texnikalarla bəndlər tikmək lazımdır. İki ay bundan əvvəl Ağsu çayının özündə 28,5 milyon kubmetrlik su bəndinin tikilməsi layihəsini mənə göndəriblər.
Hər rayonda belə olmuş olsa, o suları yavaş-yavaş yığarıq, qışda da qar suları və digər suları yığıb suvarma sisteminə qoşmaq olar.
Hazırda 9 min hektara qədər Ağsu çayı suyu ilə suvarma var, orda Cavanşir gölü var, ondan da balıqçılıqda istifadə etmək mümkündür. Artıq rayonun və ətrafdakı bəzi rayonların da ehtiyacı ödənilir.
Eyni şeyi Girdimandan başlayıb Balakən çaya qədər, Pirsaat çaydan da başlayıb Qusar çaya qədər tiksək, mənə elə gəlir ki, problemlərimiz həll olunacaq. Sudan itifadədə diqqətli olmaq lazımdır”.
Ekoloq bildirib ki, suvarma sistemləri müasirləşdirilməlidir:
“Suvarma sistemləri bərbad vəziyyətdədir. Müasir texnologiya var, suvarma sistemlərimiz dəyişilməlidir. Çoxillik bitkilər üçün xüsusi suvarma sistemləri olmalıdır. Ayrı-ayrılıqda nə qədər lazımdırsa, torpağın qatına indikator qoyulur, o nəm bitkini təmin edən kimi kəsilir, azalan kimi yenidən işə düşür.
Yəni bu fasiləsiz olur və insan əməyi tələb etməyən sistemdir.Bizdə də fərdi qaydada rast gəlinir. Taxıl zəmiləri, yoncalıqları da qapalı nəhəng borularla suvarmaq laızmdır.
Bəzən görürsən ki, 5-10 sm kökü olan bitkini açıb selləmə suvarırlar, torpaqlar da şoran torpağa çevirilirlər. Bu texnologiyalardan istifadə eləmək lazımdır. Bu tədbirlər planı yerinə yetirə bilsək, əhalini suyla təmin etmək olar. Bakının su sistemindən başlamış, enerjisi, nəqliyyatı bir milyon əhaliyə hesablanıb.
Amma Bakıda 2-3 dəfə ondan çox əhali yaşayır.Gecə-gündüz fasiləsiz inşaat işləri aparılır. Hamı məcbur kənd təssərüfatını atıb paytaxta üz tutub. Bu, suya da təsir göstərir.
Bizim içməli suyumuz 200-300 kilometrdən gəlir, Bakı yarımsəhra quru çöl şəhəridir. Biz 2-3 yüz kilometrdən su gətirib, həm onu içirik, həm avtomobil yuyuruq, həm də ağac sulayırıq.
Dünyada belə standart, belə sistem yoxdur”.
Günay Şahmar, Bizim.Media