Hazırda yay mövsümünün ən isti və aktiv dövrünü yaşayırıq. İstirahətini səmərəli və rahat keçirmək istəyən insanlar ölkənin müxtəlif bölgələrinə üz tutur. Lakin seçim zamanı əsas meyarlar arasında həm komfort, həm də büdcəyə uyğunluq ön planda olur.
Bəs hazırkı şəraitdə həm rahatlığı, həm də sərfəliliyi ilə seçilən istirahət istiqaməti hansıdır?
Turizm sahəsi üzrə ekspert Kənan Hənifəyev “Yenisabah.az”a açıqlamasında yerli turistlərin ən çox üz tutduğu istirahət zonaları haqda məlumat verib:
“Yay mövsümünün ən çox səfər edilən ayını yaşayırıq. İyul ayının 15-dən avqustun 15-nə kimi səyahət sevərlərin ən aktiv dövrü olmağına baxmayaraq bu ərəfədə turizm xidmətləri də qiymət olaraq yüksək göstərilən period olduğunu demək olar.
Ölkə daxilində əsasən turistlərimiz Şimal-Qərb, Şimal və Cənub istiqamətində səfərlər edirlər.
Regionda hər büdcə və istəyə uyğun istirahət etmək və qonaqlama üçün şərait var.
Qonaqlamada iaşə obyektlərinin, hotellərin kateqoriyasına görə qiymətlər dəyişir. Burada gecəsi 80 azn-dən başlayan 450 azn-ə kimi dəyişən qiymətlər mövcuddur. Buna baxmayaraq hotellərin doluluğu əsasən də həftə sonlarında 85% üzərindədir . Daha çox büdcəli istirahət etmək istəyən yerli turistlər 2 və 3 günlük qrup turları ilə səfər edirlər”.
Ekspert işğaldan azad edilən ərazilərə edilən səfərlərlə bağlı da danışıb:
“Qarabağa səfərlər də öz intensivliyini qoruyur. Daha çox həftə sonu təyin edilən qrup turların mütamadiliyi və fərdi nəqliyyat səfərlərində də azalma müşahidə edilmir. Hotel qiymətləri büdcəli seqmentə uyğun olmasa da, tələbat olduğu üçün hotellər öz doluluğunu təmin edirlər”.
Bizim.Media