İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdam rayonunun Xıdırlı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 60 ailə - 236 nəfər köçürülüb.
Xıdırlıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər doğma yurdlarına köç edən sakinlərə təbriklərini çatdırıb, onlara firavan həyat arzulayıblar.
Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Dövlət tərəfindən Xıdırlı kəndində onlar üçün fərdi yaşayış evləri inşa olunub, müasir infrastruktur yaradılıb. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, bazar kompleksi, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
Bizim.Media