Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.
Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutunda xüsusi komissiya yaradılmış və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.
Sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il tarixlərində valideynlərlə görüşlər təşkil edilmiş, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub.
Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.
Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilmiş, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub.
Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcəkdir.
Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.
Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir.
Bizim.Media