Hava isti olduqda insanların üz tutduğu məkanlardan birincisi əlbəttə, dənizdir. Xəzər dənizinin sahilində günəşlənən, isti havada onun sularında sərinləməyi sevən xeylidir. Ancaq hər il, elə son vaxtlar da Xəzərin suyunu yeniləmədiyi, göl olduğu üçün mikroorqanizmlərlə dolu olduğunu deyənlər çoxdur. Onlar düşünürlər ki, Xəzərin okeana çıxışı olmadığı üçün suyunu yeniləyə bilmir. Bu da suyun sağlam olmamasına səbəb olur.
Bəs həqiqətən də belədir? Xəzər dənizi öz suyunu özü yeniləyə, təmizləyə bilmir?
Bizim.Media mövzuyla bağlı ekoloq Qorxmaz İbrahimlinin fikirlərini öyrənib. Ekoloq vurğulayıb ki, Xəzər dəniziylə bağlı qeyd olunan fikirlər yanlışdır.
“Xəzərin göl olması dünya ölkələriylə əlaqəsinin olmamağıyla bağlıdır. Əks halda, Xəzərin "dəniz" statusunu heç kəs əlindən ala bilməz. Xəzər dünya okeanının bir hissəsidir. Min illər öncə Qafqaz dağları yarandıqdan sonra o ərazidə sular çəkilib, dağlar qalxıb, dəniz yaranıb”.
Qorxmaz İbrahimli deyir ki, dənizdə mikrob olduğunu demək səhvdir. “Xəzər dənizi özünü yeniləyir. Volqa, Ural, Terek kimi çaylar Xəzərə axır. O, şəfalı dənizdir. Bizim həm ürək, həm əsəb xəstəliklərimizə, həm də D vitamini əksikliyimizə birbaşa dərm ndır. Bəli, onu çirkləndirirlər, ancaq onu qorumaq hər birimizin vəzifəsidir”.
Nəzrin Mirzəyeva, Bizim.Media