Paylaşılan hər hansı bir postla, videoyla sosial şəbəkələrdə sürətlə yayılmaq, milyonlarla baxış və “like” toplamaq bir çox insana uğurun zirvəsi kimi görünür. Amma bu proses beynimizdə elə dəyişikliklər yaradır ki, nəticədə xoşbəxtlik yerinə asılılıq, sonra isə ciddi xəstəliklə qarşılaşa bilərik.
Viral olmaq – “viruslaşmaq” sözündəndir, yəni bir postun virus kimi sürətlə yayılması, hər kəsin ona yoluxmasıdır.
Şəbəkələr yoluxma funksiyası əslində sırf özlərinə sərf edir, müvəqqəti məşhurlaşmış şəxslərin isə sonrakı aqibəti çox vaxt “ağlamalı” olur. Məsələn, sosial şəbəkədə bir paylaşımın minlərlə insan tərəfindən bəyənildiyini təsəvvür edin. Hər yeni bildirişdə, hər “like” artımında hiss etdiyiniz o ani sevinc həzz (dopamin) partlayışı adlanır.
Dopamin – beynin başqa sözlə mükafat sistemidir. Yəni edilən əməlin, görülən işin qarşılığı, xoşbəxt sonluğudur. Burda da hər “like” və ya komment mükafat kimi qəbul olunur. Qısa müddətdə insanın özünəinamını artırır, müvəqqəti xoşbəxtlik verir.
Qısamüddətli xoşbəxtlik, uzunmüddətli problem
Viral olmaqdan sonra yeni bildiriş gözləmə vərdişi yaranır. Beyin hər dəfə telefon ekranına baxanda mükafat alacağını gözləyir. Əgər gözlənilən kimi olmursa, növbəti post və videolara belə baxış gəlmirsə, məyusluq yaranır.
Özünü toparlayan təmkinli insanlarda risk az olsa da, asılılığa meyilli, real həyat təcrübəsi və çevrəsi dar olan insanlarda bunun uzunmüddətli təsiri bəzən təhlükəli olur: sosial şəbəkə asılılığı, özünü digərləri ilə müqayisə etmə vərdişi yaranır. Başqa real şeylərə diqqət dağılır, gərginlik, əsəbilik, depressiyanın artması müşahidə olunur. Bu vəziyyəti narkotik və ya qumar asılılığında baş verən proseslərə çox bənzədirlər.
Neyrobioloqlar məsləhət görürlər ki, sağlam psixika üçün sosial medianın verdiyi bu “mükafat” hissini nəzarətdə saxlamaq vacibdir. Ona görə də vaxtaşırı fasilə vermək, ani xoşbəxtlik hissini və qəfil varlanmaq arzusunu yenmək lazımdır. Yəni öz dəyərini rəqəmlərlə ölçməyin keyfiyyət yox, ancaq kəmiyyət göstəricisi olmağını unutmasaq, uduzmarıq.
Şəfiqə Şəfa, Bizim Media