Avqust ayının 1-ci ongünlüyündə meyvəçilik rayonu kimi də tanınan Xaçmazın Xudat şəhərində ilk dəfə şaftalı festivalı keçiriləcək.
Bizim.Media-nın Xaçmaz icra hakimiyyətindən əldə etdiyi məlumata görə, festivalda rayonda yetişdirilən yerli və Xaçmazda artıq rayonlaşdırılmış əcnəbi şaftalı sortları, onlardan hazırlanmış mürəbbə və şirələr nümayiş olunacaq.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən rayonda şaftalı bağları, məhsuldarlıq sortları barədə saytımıza ətraflı məlumat verilib.
Qurumun bitkiçilik sektorunun əməkdaşı İlqar Harunov rayonda İspaniya, Yunanıstan və Fransadan gətirilmiş nektarin (tüksüz şaftalı), yastı şaftalı növləri ilə yanaşı, "Arı-yeyən", "Zolotoy", "Ağ fədai", "Qırmızı Fədai" kimi yerli ata-baba sortlarının da yetişdirildiyini bildirib:
“Bu sortları həm fermerlər, həm də ayrı-ayrı özəl şirkətlər becərib satışa çıxarır”.
Onun sözlərinə görə, yaxşı becərilmiş bağlardan hektardan 50 tona yaxın məhsul götürmək mümkündür:
“Keçən il 3780 hektar şaftalı bağından 19302 ton meyvə yığılıb. Hazırda şaftalı yığımı davam etdiyindən konkret rəqəm söyləmək tezdir. Artıq Xaçmazda ölkə üzrə ilk olacaq şaftalı festivalına hazırlıq işlərinə başlanılıb”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu