Yay mövsümündə Neftçala rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən və “Şirvanlı çimərliyi” kimi tanınan Xəzər sahilində çimərliklərə vətəndaşların axını artıb. Kilometrlərlə uzanan bu sahil zolağında hazırda onlarla çimərlik fəaliyyət göstərir.
Bizim.Media xəbər verir ki, ərazi ailəvi istirahət üçün ucuz başa gələn yer sayılır. İstirahət edənlərin əksəriyyəti özü ilə yemək gətirir, bəzi ailələr çaydan və samovar quraraq çay dəmləyir.
Eyni zamanda, səyyari xidmətlər vasitəsilə yemək və içki də təklif olunur. Günəşdən qorunmaq üçün isə 15-20 manata kölgəliklər kirayələnə bilir. Bu da ümumilikdə rayon əhalisinin büdcəsinə uyğundur.
Lakin sahilboyu müşahidə edilən mənzərə narahatlıq doğurur. Ərazidə zibil qutularının olmaması, qarpız qabıqları, plastik butulkalar və yemək qalıqları ilə müşayiət olunan antisanitariya vəziyyəti getdikcə ağırlaşır. Bəzi sahələrdə səyyar kafelər olsa da, ümumi nəzarət və təmizlik olmadığından dənizdən 30-50 metr məsafəyə qədər olan sahil zolağı tullantılarla doludur.
İstirahət edənlər də bu vəziyyətdən narazıdır.
Salyan sakini Yaqub Mehdiyev bildirir ki, dəniz havası qiymətsizdir, amma zibil yığınları bu gözəlliyə kölgə salır.
Neftçala sakini Namus Alıyev hər istirahət günü bu əraziyə gəldiyini deyir. 60 yaşlı sakin zibil qabılarının olmamasını zibilliyə şərait kimi qiymətləndirir. Onun sözlərinə görə, dənizin bu hissəsi həm təmiz, həm də sakitdir. Əgər burada normal şərait yaradılsa, xarici turistlər də maraq göstərə bilər.
Şirvan şəhərindən gələn Səməd Əliyev isə Şirvanlı çimərliyini Qara dənizlə müqayisə edir. Onun sözlərinə görə, buranın qumu qara və müalicəvi xüsusiyyətlidir, üstəlik, dəniz suyu o qədər də duzlu deyil – Kür çayının təsiri ilə duzluluq azalır. Amma bu gözəlliyin ətrafında baxımsızlıq hökm sürür.
Bəzi istirahətçilər isə bildirirlər ki, zibilliklər ümumi dəniz istirahətinə xələl gətirir, bəzən pis qoxu yayılır və bu da insanları narahat edir.
Vətəndaşların bu narahatlığına cavab olaraq Neftçala Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib. Qurumun mövqeyinə görə, Şirvanlı çimərliyi ərazisində fəaliyyət göstərən çimərliklər qanunsuzdur.
Buradakı mövsümi səyyar iaşə obyektləri hüquqi baxımdan kommunal xidmətlərlə rəsmi müqavilə bağlaya bilmədiyi üçün ərazidə təmizlik və nəzarət məsələləri problemli qalır.
Buna baxmayaraq, icra hakimiyyətinin təşəbbüsü ilə sahilboyu ərazidə kommunal-təsərrüfat idarəsi tərəfindən həftəlik təmizlik işləri görülür. Lakin bu tədbirlər sahilə kütləvi şəkildə axın edən vətəndaşların buraxdığı zibilin öhdəsindən gəlməyə kifayət etmir.
Sabutay, Bizim.Media, Cənub bürosu