2025-ci ilin iyun ayının sonunda ölkədə vaxtı keçmiş kreditlərin həcmi 527,4 milyon manat civarında olub.
Bu barədə məlumat verən Azərbayan Mərkəzi Bankının açıqlamasına görə, həmin rəqəm 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 75,7 milyon manat (16,8 faiz), cari ilin may ayının sonu ilə müqayisədə isə 19,1 milyon manat (3,8 faiz) çoxdur.
Belə ki, ötən ilin sonunda Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 451,7 milyon manat, 2025-ci ilin mayın sonunda isə 508,3 milyon manat həcmində olub.
AMB-nin məlumatına görə, hesabat ayında bankların kredit portfeli 0,3 faiz və ya 85,6 milyon manat artaraq, 28,472 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2 faiz (15,144 milyard), istehlak kreditləri 31,3 faiz (8,898 milyard) və ipoteka kreditləri 15,5 faiz, (4,430 milyard manat) yer tutub.
Görəsən, bu dəfə problemli kreditlərin artmasına hansı amillər səbəb olub?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov bildirir ki, bu göstəricilər problemli kreditlərin həcminin heç də sürətlə artması anlamına gəlməməlidir:
MÖVZU İLƏ BAĞLI
Banklar 7 faizlə vəsait alır, niyə kredit faizi ikiqat YÜKSƏKDİR? – Maraqlı SƏBƏB
“Amma bütün hallarda artma baş verir.
Əsas səbəb Azərbaycanda iqtisadi aktivliyin getdikcə azalmasıdır. Qiymət artımı fonunda həm vətəndaşların gəlirləri azalır, xərcləri isə artır, həm də sahibkarlıq üçün şərait münbit deyil”.
Ekspert qeyd edir ki, bu səbəbdən biznes sahibləri də əvvəlki kimi qazana bilmir:
“Belə vəziyyətdə isə təbii ki, həm istehlak, həm də biznes kreditlərinin qaytarılmasında problemlər yaranır”.
Həmsöhbətimiz ehtimal edir ki, proses hələ xeyli müddət bu formada davam edəcək.
Rüfət Sultan, Bizim.Media