Sakinlərin internetlə bağlı şikayətləri azalmır. Yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.
Məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb.
İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, sakinlərin internetlə bağlı narazılığı həm MTK, həm də provayderlərin günahı üzündəndir:
“Ona görə ki, Azərbaycan boydan-boya fiberoptik alt yapı ilə tam təmin olunub. Belə vəziyyətdə xidmətin artırılması üçün heç bir problem yoxdur. Çünki zəruri iş aparılıb, kabel infrastrukturu tam təmin olunub.
Bundan sonrası qalır provayderlərin doğru, düzgün xidmət aparmasına. Bunun üçün də müəyyən məqamlar var. MTK-ların provayderlərə düzgün şərait yaratması isə bu məsələdə qırmızı xətt olaraq keçir.
Çünki MTK-ların provayderlərə fərqli yanaşmaları var. Bu məsələdə MTK-lar daha çox şəxsi münasibətlərə üstünlük verirlər. Nəticədənsə ən çox əziyyət çəkən sakinlər olur. Nəzərə alaq ki, bütün provayderlərin maddi-texniki vəziyyəti yüksək deyil. Amma hər biri ayrı-ayrılıqda çox iddialıdırlar. Halbuki provayderlərə münasibətdə MTK-lar çox həssas olmalı, peşəkarlığa üstünlük verməlidirlər”.
Müsahibimiz hesab edir ki, internetlə bağlı narazılığın digər səbəbi vətəndaş səriştəsizliyidir:
“İnternet paketini seçərkən vətəndaşlar ailə təsərrüfatını düzgün hesablamırlar və daha çox keyfiyyətə yox, qiymətə üstünlük verirlər. Bu məsələdə provayderlərin də müəyyən günahı var. Çünki onlar müştəriyə paket seçərkən düzgün məsləhət vermirlər.
Bütün bunlarsa son nəticədə internetin zəif verilməsinə və müştəri narazılığına səbəb olur. Ona görə də narazılıqların qarşısını almaq üçün MTK-lar binada internet təchizatını bir neçə provayderə həvalə etməlidirlər. Belə vəziyyətdə sağlam rəqabət yaranar və vətəndaşlar keyfiyyətli internet xidməti ala bilər”.
Surxay Atakişiyev, Bizim.Media