Yay fəslinin ən qızğın çağında istirahət mövsümünü dəyərləndirənlər sırasında Milli Məclisin üzvləri də yer alır.
Bəs görəsən, deputatlar bu yay istirahəti üçün haranı seçiblər: yerli yoxsa xarici turizmi?
Bizim.Media mövzu ilə bağlı bir neçə deputat arasında sorğu keçirib.
İlk olaraq mediada tez-tez siyasi çıxışları ilə gündəmə gələn millət vəkili Elman Nəsirovla əlaqə saxladıq. O, hazırda istirahətini Qubada keçirdiyini bildirdi:
“Bəli, millət vəkilləri də yay tətilindədir. Kimisi ölkə daxilində, kimisi isə xaricdə dincəlir. Mən hazırda Quba şəhərində, Quba-Şahdağ sanatoriyasındayam. Burada təbiət də gözəldir, insanlar da… Sonra doğulub boya-başa çatdığım Cəlilabad rayonuna getməyi planlaşdırıram. Amma istirahətlə yanaşı, iş rejimindən də kənarda deyiləm”.
Millət vəkili Elnarə Akimova yay aylarını əsasən regionlarda keçirdiyini vurğuladı:
“Artıq bir neçə gün ailəmlə birlikdə Şabranda istirahət etmişəm. Yay boyunca Xızı və Qusar rayonlarına da getməyi düşünürəm. Qusarda bibim yaşayır, hər yay onu ziyarət edirəm və eyni zamanda bu gözəl bölgənin təbiətindən zövq alıram”, - deyə o, bildirib.
Ənənəvi çıxışları ilə yadda qalan deputat Aqil Abbas da yay istirahətini vətən sərhədləri daxilində keçirir:
“Mən hər il yayda Bakıda və Qarabağ bölgəsində oluram. Hazırda Bakıdayam, yaxın günlərdə isə Qarabağa səfər edəcəm”.
Deputat Razi Nurullayev isə həmkarlarından fərqli olaraq bu il hələ istirahət etmədiyini bildirdi:
“Hələ ki, istirahət etməmişəm. Səhhətimlə bağlı müəyyən narahatlıqlarım var. Vaxtaşırı seçicilərlə görüşlər üçün rayonlara səfərlər etmişəm. Deyə bilərəm ki, hər gün işdəyəm. Ola bilsin ki, səhhətim imkan versə, rayonların birində bir neçə günlük dincəldim. Amma ümumilikdə istirahət üçün xüsusi planım yoxdur”.
Görünən odur ki, bu yay da deputatlar əsasən yerli turizmə üstünlük veriblər.
Aygün Hüseyn, Bizim.Media