Son günlərdə ölkənin müxtəlif bölgələrində yas mərasimlərində ehsan verilməsinə qarşı tədbirlər gücləndirilib. Bu gün Quba, dünən Kürdəmir, bir neçə gün əvvəl isə Saatlı və Sabirabadda ehsan süfrələrinin qurulması qadağan olunub. Bu isə belə deməyə əsas verir ki, yaxın zamanda bu addım ölkənin digər şəhər və rayonlarında da tətbiq oluna bilər.
MÖVZU İLƏ BAĞLI :
Məzar daşı DƏBDƏBƏSİ - Qanunla icazə verilən ölçülər hansılardır?
Bəs ehsan qadağaları tətbiq olunursa, dəbdəbəli qəbir daşlarının vahid formada tətbiqi niyə gündəmə gəlmir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan qəbir daşları ilə bağlı süni dəb yaradıcılığının ciddi fəsadlar doğurduğunu qeyd edib:
“Bahalı mərmər daşları sifariş olunur, xaricdən gətirilir. Bunun arxasında iri biznes şəbəkəsi dayanır. Əhalidə bu sahədə süni dəb formalaşdırılıb ki, həmin bizneslər çiçəklənsin.Bu gün qəbir daşları milyonlarla pulun torpağa gömülməsi deməkdir.
Halbuki həmin pullar ehtiyacı olanlara sərf oluna bilərdi. Bu, israfdır və İslamda haram sayılır”, - deyə o, əlavə edib.
İlahiyyatçı bildirib ki, İslam dininə görə qəbir daşları sadə və standart olmalıdır:
“Hamının daşı eyni olmalıdır. Amma yüksək vəzifəli şəxslər bunu özlərinə sığışdırmırlar. Onlar hesab edirlər ki, onların yaxınlarının qəbir daşları kasıblarla eyni ola bilməz. Bu isə həm təkəbbürdür, həm də dini prinsiplərə ziddir”.
Sonda isə o, məsuliyyətin yalnız vətəndaşda deyil, dini liderlərdə də olduğunu vurğulayıb:
“Bu gün ölkənin şeyxülislamı bu barədə açıq danışmalı, əhalini maarifləndirməlidir. Bahalı qəbir daşı qoymaq israfdır, haramdır və İslamda qəbul olunmur. Dövlət bu sahədə standartların tətbiqini təmin etməli, lüks və israfçılığa yol açan hallara qarşı sərt qanunlar işləməlidir”.
Aygün Hüseyn, Bizim.Media