Zaqatala şəhərinin Nizami Gəncəvi küçəsi boyunca salınan Tala çayın sahilindəki beton bəndin uçma təhlükəsi qismən aradan qaldırılıb, tədbirlər davam etdirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən əsrin 80-ci illərində salınan beton bəndlər yaz daşqınlarında ciddi zədələndiyindən şəhərdə subasma təhlükəsi yaranmışdı. Sakinlərin bu məsələ ilə əlaqədar narahatlığı müvafiq təşkilat və orqanların diqqətinə çatdırılıb.
Məsələ ilə əlaqədar Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, sel nəticəsində təxminən 80-ci illərdə mühafizə məqsədi ilə inşa edilən, istismar müddətini başa vuran daş-beton bəndlərin özülü yuyularaq deformasiyaya uğrayıb və şəhər üçün təhlükəli vəziyyət yaranıb.
Hazırda əraziyə idarənin ağırtonnajlı texnikaları cəlb olunmaqla çayda məcratənzimlənmə işləri həyata keçirilir, çayın məcrası dəyişdirilir. Eyni zamanda sahilbərkitmə işləri aparılmaqla yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər icra olunur. Həmçinin əraziyə aidiyyatı üzrə mütəxəssislər cəlb olunub, yerində baxış keçirilib, qiymətləndirmə işləri aparılıb.
Sənədləşmə işləri yekunlaşandan sonra gələcəkdə ərazidə yeni mühafizə bəndin inşası nəzərdə tutulur.
İdarədən verilən məlumata görə mövcud vəziyyətlə bağlı müvafiq qaydada rəsmi müraciət edilib və 300 paqonmetr yeni beton bəndin tikintisi planlaşdırılır.
Maliyyə vəsaiti ayrılan kimi ərazidə yeni bəndin tikintisinə başlanılacaq.
Bununla yanaşı rayon ərazisindən axan digər dağ çaylarının daha bir neçəsində təhlükəli hesab edilən yerlər müəyyən olunub və həmin ərazilərdə də beton bəndlərin, mühafizə zolaqlarının inşası məqsədi ilə məsələ qaldırılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu