Yay fəslinin gəlişi ilə çimərliklərə axın artsa da, təəssüf ki, istirahət bəzi hallarda faciə ilə nəticələnir. Son günlər dənizdə boğulma hadisələrinin artması bu sahədə təhlükəsizlik tədbirlərinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, belə halların qarşısının alınması üçün bir sıra vacib amillərə diqqət yetirilməlidir:
“Çimərliyə yollanmadan əvvəl hava şəraiti mütləq nəzərə alınmalıdır. Xüsusilə də küləyin sürəti və dənizdəki dalğalı şərait təhlükə mənbəyidir. Eyni zamanda günün qaranlıq saatlarında çimərliklərdən istifadə etmək yolverilməzdir,” - deyə ekspert bildirib.
Onun sözlərinə görə, vətəndaşlar yalnız rəsmi icazə verilmiş, nəzarət olunan çimərliklərə üz tutmalıdırlar.
“Belə çimərliklər mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən yoxlanılır, analiz olunur və təhlükəsizlik tədbirləri görülür. Ən əsası, bu məkanlarda peşəkar xilasetmə xidmətləri fəaliyyət göstərir”.
Ekspert əlavə edib ki, boğulma hallarının artmasına təsir edən digər mühüm amil valideyn nəzarətsizliyidir:
“Valideynlər xüsusilə azyaşlı uşaqları daim nəzarətdə saxlamalıdır. Uşaqların təkbaşına suya girməsi təhlükəli nəticələrə səbəb ola bilər
Elmar Nurəliyev vurğulayıb ki, boğulma hadisələrinin bir qismi də spirtli içki qəbul etmiş şəxslərin suya girməsi ilə bağlıdır
“Spirtli içkilərin təsiri altında suya daxil olmaq reaksiyaların zəifləməsinə, bədənin koordinasiyasının pozulmasına səbəb olur və bu da boğulma riskini xeyli artırır.
Təəssüf ki, bu hallar təkcə bizdə deyil, bütün dünyada baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 400 min insan boğulma nəticəsində həyatını itirir.
Bu ölümlərin əsas səbəblərindən biri isə nəzarətsiz, qeyri-qanuni fəaliyyət göstərən çimərliklərdir”.
Aygün Hüseyn, Bizim.Media