Elxan Bəşirov 22 iyul 2025-ci il tarixindən etibarən "Umid Babek Operating Company" əməliyyat şirkətinin Baş Direktoru (Filial Direktoru) vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı şirkət məlumat yayıb.
E. Bəşirov enerji sektorunda demək olar ki, 20 illik qlobal təcrübəyə malikdir və bu müddət ərzində BP şirkətində əməliyyatlar, strategiya və mürəkkəb birgə müəssisələr sahəsində yüksək rəhbər vəzifələrdə çalışıb.
O, dünyanın ən böyük neft yataqlarından biri olan İraqdakı Rumeylə neft yatağında Əməliyyatlar Meneceri vəzifəsində çalışıb, burada çoxmillətli komandaya rəhbərlik edib və gündə 950,000 bareldən çox hasilata nəzarət edib.
Onun strateji baxışları Londonda, BP-nin İcraçı Rəhbərliyi yanında Biznes Müşaviri kimi fəaliyyəti ilə daha da zənginləşmişdir.
Hal-hazırda isə Elxan Oksford Universitetində icraedici təhsil (EMBA) proqramında iştirak edir.
E. Bəşirov komandaları ruhlandırmaq, əməliyyatlarda mükəmməlliyə nail olmaq və davamlı dəyər yaratmaq həvəsi ilə tanınır. Onun rəhbərliyindəki əsas diqqət UBOC-un fəaliyyətini gücləndirməyə və şirkətimizlə tərəfdaşlarımız üçün uzunmüddətli uğuru təmin etməyə yönələcəkdir.
Qeyd edək ki, Umid Babek Operating Company (UBOC) – 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş neft-qaz şirkətidir. Şirkət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yüksək təzyiqli Ümid qaz-kondensat yatağı və Babək perspektiv strukturunda neft və qazın kəşfiyyatı, hasilatı və istismarı ilə məşğuldur.
Bizim.Media